×
A
A
A
Sazlamalar

Ölümlə qəhrəmanlığın qovuşduğu məkan

Bakı, 20 yanvar, AZƏRTAC

“20 Yanvar xalqımızın təkcə Ümumxalq hüzn günü deyil, həm də müasir müstəqilliyimizin bünövrəsi qoyulan mübarək gündür. Bu günü təkcə kədər və iztirab, ağrı və üzüntü ilə deyil, həm də qürur və iftixar hissi ilə yad edirik. Axın-axın ziyarətçilərin üz tutduğu qırmızı qərənfillərə bürünmüş Şəhidlər Xiyabanı xalqımızın and yeri, ən müqəddəs məkanlardan biridir. Burda kədərlə məğrurluq, ayrılıqla rəşadət, itki ilə mübarizlik, ölümlə qəhrəmanlıq bir-birinə qovuşur”, - deyə Gəncə şəhər sakini Elmira Eyvazova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.
“45 il Gəncədəki 42 nömrəli orta məktəbdə dərs demişəm, həmişə uşaqlara vətənpərvərlik hissi aşılamağa çalışmışam. “Qabaqcıl maarif xadimi”, metodist müəlliməm. Doğma övladlarımı da Vətənə məhəbbət ruhunda tərbiyə etmişəm. Oğlum Gəncə batalyonunda torpaqlarımızı erməni işğalçılarından qorumaq uğrunda döyüşərək şəhid olub. Onun məzarı döyüş yoldaşları ilə birlikdə Gəncədəki İmamzadə qəbiristanlığındadır. Onlar çox müqəddəs bir yolda - Vətənimizin azadlığı uğrunda şəhid olublar. Bundan uca məqam ola bilməz. Ona görə də mən həmişə onların ruhuna dualar oxuyanda həm də Qarabağın düşmən tapdağından azad edilməsi üçün də dualar edirəm” - deyə, şəhid anası bildirib.
Elmira xanım fikrini belə yekunlaşdırıb: “1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi yolunda çoxlu şəhid verdi. Lakin millətimizin iradəsi sınmadı və ruhu sarsılmadı. Həmin hadisələr zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Onların əziz xatirəsi həmişə bizimlə olacaq və heç vaxt unudulmayacaq”.

20 yanvar 2020-01-20 13:37:00