×
A
A
A
Sazlamalar

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

Bakı, 20 yanvar, AZƏRTAC

Auditorlar Palatasında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə ölkəmizin suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad edilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov 1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələrin süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət olduğunu deyib. Bildirib ki, hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlərboyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirib. Həmin gün çoxlu sayda dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, minlərcə insanın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin, eyni zamanda, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. Xalq o günlərdə böyük bir həqiqəti - həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə ulu öndər Heydər Əliyevin - qüdrətli liderin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvarda xalqının səsinə hər kəsdən əvvəl səs verən də ulu öndər Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan Prezident İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini nümayiş etdirdilər.
Diqqətə çatdırılıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi. Ümummilli lider Heydər Əliyev tərəfindən verilmiş fərman və sərəncamlarla 20 Yanvar şəhidlərinin xatirəsi əbədiləşdirilib, geniş miqyaslı tədbirlər həyata keçirilib, “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub, ölkəmizin rəsmi təqviminə 20 Yanvar - Ümumxalq Hüzn Günü kimi qeyd edilir, Şəhidlər Xiyabanında “Əbədi Məşəl” abidə kompleksi ucaldılıb, şəhid ailələrinin və əlillərin sosial problemlərinin həlli ilə bağlı mühüm işlər görülüb. Bu faciə ilə bağlı Ulu Öndər tərəfindən bünövrəsi qoyulmuş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 20 Yanvar Şəhidlərinin ailələrinə Prezident təqaüdü təsis edilib, onların sosial təminat, məişət və digər məsələləri daim dövlətimizin diqqət mərkəzindədir.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə sınaq anları kimi əbədi daxil olmuş 20 Yanvar faciəsi təkcə əvəzsiz itkiləri, nisgilləri, yaraları ilə deyil, həm də ibrət dərsləri ilə unudulmazdır və illər keçsə də, 20 Yanvar faciəsi qurbanlarının milli azadlıq mübarizəmizin tarixindəki qəhrəmanlıqları heç vaxt unudulmayacaq, müstəqil dövlətimizin möhkəmləndirilməsi naminə milli həmrəyliyi daha da inkişaf edəcək.

20 yanvar 2020-01-20 13:16:00