×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Qətərdə anım mərasimi keçirilib

Bakı, 20 yanvar, AZƏRTAC

İyirmi Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyində anım tədbiri keçirilib.
Ölkəmizin Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə səfir Rəşad İsmayılov faciənin tarixi və Azərbaycan xalqının müstəqillik və azadlıq uğurunda mübarizəsi barədə danışıb. Səfir 20 Yanvar faciəsinin Azərbaycanın yeni tarixinin ən qanlı hadisələrindən biri olduğunu, yüzlərlə vətəndaşımızın qətlə yetirildiyini və yaralandığını, həmçinin ölkədə böyük dağıntıların törədildiyini nəzərə çatdırıb. O, həmin gün şəhid olan ölkə vətəndaşlarının öz qanları bahasına Azərbaycanın müstəqillik və azadlıq mübarizəsi tarixində şanlı səhifə açdığını deyib. Diplomat ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsini xatırladaraq bildirib ki, məhz Ulu Öndərin hakimiyyəti dövründə faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Səfir, həmçinin 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Səfir əlavə edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının öz müstəqil dövlətini qurmaq iradəsini daha da möhkəmləndirib və faciədən qısa müddət sonra onun azadlıq və müstəqilliyini yenidən bərpa etməsi ilə nəticələnib.
Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə davam etdirilib. Tədbirdən sonra şəhidlərimizin ruhuna ehsan süfrəsi açılıb. 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Qətər mətbuatında geniş yazı dərc edilib.

20 yanvar 2020-01-20 13:05:00