×
A
A
A
Sazlamalar

İndoneziyada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Cakarta, 20 yanvar, AZƏRTAC

Azərbaycanın İndoneziyadakı səfirliyi Cakarta şəhərində kimsəsiz uşaqların məskunlaşdığı “Putra Setia” uşaq evində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım mərasimi təşkil edib.
AZƏRTAC xəbər verir ki, mərasimdə 30 il öncə, 1990-cı il yanvarın 20-də baş vermiş hadisələrin Azərbaycanın müasir tarixinə ən böyük faciələrdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğu, milli müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrildiyi iştirakçıların diqqətinə çatdırılıb.
Faciənin ildönümü ilə əlaqədar uşaq evində məskunlaşan uşaqlar arasında şeir müsabiqəsi təşkil edilib və nəticədə Tatus Praditya İndoneziya dilində yazdığı “Azerbaijan 1990” şeiri ilə qalib seçilib. Azərbaycan xalqının 30 il öncə yaşadığı hadisələri və müstəqillik uğrunda apardığı mübarizəni əks etdirən həmin şeiri T.Praditya tədbirdə oxuyub.
Eyni zamanda, “Putra Setia” uşaq evində məskunlaşan uşaqların Qanlı Yanvar faciəsi ilə bağlı çəkdikləri rəsm əsərlərinin sərgisi açılıb.
Tədbirin sonunda müqəddəs Qurani-Kərimdən ayələr, 20 Yanvar faciəsi şəhidlərinin ruhuna dualar oxunub, uşaq evinin sakinləri və ehtiyac içərisində yaşayan ahıllar üçün ehsan süfrəsi açılıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

20 yanvar 2020-01-20 10:12:00