×
A
A
A
Sazlamalar

Ukrayna portalında AZƏRTAC-ın xüsusi müxbirinin məqaləsi dərc edilib

Bakı, 20 yanvar, AZƏRTAC

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Ukraynanın “FAKT” portalında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 Yanvar-azadlıq uğrunda ən coşqun mübarizə” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllif məqalədə 30 il öncə Bakıda törədilmiş qanlı hadisələr zamanı dinc əhaliyə qarşı xüsusi qəddarlıqla törədilmiş təcavüzün nəticələri barədə məlumat verir.
Məqalədə 20 yanvar hadisəsinin Azərbaycan xalqının siyasi iradəsinin və müstəqillik tələbinin məqsədyönlü şəkildə susdurulması üçün istifadə edildiyi bildirilir.
https://fact.org.ua/1773-20-janvarja-samyj-zharkij-den-borby-za-svobodu.html
Müəllif yazır: “Azərbaycan tarixinə “Qanlı Yanvar” kimi daxil olan həmin günü xalqımız 30 ildən sonra da qürur hissi ilə yaşayır. Bu hadisə SSRİ-nin o zamankı rəhbərliyinin daxili siyasətində sovet respublikalarına münasibətdə ikili standartlara əsaslandığını əyani şəkildə sübut etdi. Daha dəqiq desək, Qorbaçov komandası ermənilərə himayədarlıq edirdi. Fakt budur ki, 1988-ci ildən bəri həm Ermənistanın özündə, həm də Dağlıq Qarabağda azərbaycanlıları deportasiya, təhqir, terror və öldürən erməni separatçıları və terrorçuları idi. Bu, azərbaycanlıların Ermənistana və o zamankı SSRİ-nin orta rəhbərliyinə qarşı etiraz əhval-ruhiyyəsinə səbəb oldu. Nəticədə, 1989-cu ilin sonu və 1990-cı illərin əvvəllərində Azərbaycan vətəndaşları öz etirazlarını bildirmək üçün Bakının mərkəzi meydanına toplaşdılar. Təəssüf ki, 1990-cı ildə Azərbaycan xalqı öz iradələrini ifadə etmək üçün Meydana gələndə, səriştəsiz Sovet rəhbərliyi Azərbaycan SSR-də yaşayan vətəndaşlarını eşitmək və erməni separatizmini sakitləşdirmək əvəzinə respublikamızı etiraz nümayişlərinə görə cəzalandırmaq qərarına gəldi. Məqsəd bəlli idi - Azərbaycan xalqının iradəsini qırmaq. Bu məqsədə çatmaq üçün dinc aksiyanı vəhşicəsinə yatırmaq tapşırığı verilən sovet qoşunlarının bir hissəsi Bakıya göndərildi. Etiraz ideyasını ən çox qanla boğaraq azərbaycanlıları qorxutmaq istədilər. Ancaq SSRİ rəhbərliyi səhv etdi, qanlı qırğın törətməklə Azərbaycan xalqının yalnız azadlıq eşqini artırdı”, - məqalədə belə qeyd olunub.
Müəllif daha sonra vurğulayıb ki, o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu kədərə şərik çıxması, sovet rəhbərliyinin Bakıda törətdiyi hərbi cinayəti pisləməsi xalqımıza böyük dayaq oldu. Ümummilli Lider Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi.

20 yanvar 2020-01-20 08:48:00