×
A
A
A
Sazlamalar

Çikaqo şəhərində “Qan yaddaşımız-30 il” adlı anım tədbiri keçirilib

Vaşinqton, 20 yanvar, AZƏRTAC 

Yanvarın 19-da ABŞ-ın Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin və Təşəbbüs qrupunun təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qanlı Yanvar” hadisələrinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində azadlıq və suverenlik uğrunda mübarizə salnaməsi kimi ən şərəfli və parlaq səhifələrindən biri olduğunu qeyd edib, faciə zamanı xalqımızın onlarla övladının şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən təşəbbüs qrupunun rəhbəri Teymur Mehmandarov qeyd edib ki, qan yaddaşımızda əbədi yaşayacaq 20 Yanvar günü xalqımızın müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilib. Deyib ki, “Qara Yanvar” Azərbaycan xalqını müstəqilliyə, milli-mənəvi və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi olub.
Tədbir zamanı Çikaqonun Azərbaycan icmasının üzvləri Natiq Məmmədov, Süleyman Həsənov, Eldar Kərimzadə, Cavad İsmayılbəyli çıxış edərək, həmin gün ərzində yaşadıqları, gördükləri dəhşətli görüntülər barədə məlumat veriblər.
Tədbir zamanı Valentina Afonina Azərbaycan klassik musiqi (Ü.Hacıbəyli, F.Əmirov, Q.Qarayev) əsərlərini pianoda ifa edib. Daha sonra icma üzvü Cavad İsmayilbəyli “Ney” alətində təsirləndirici musiqi parçası ifa edib.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra qonaqlar şəhidlərimizin əziz xatirəsinə verilmiş ehsan süfrəsinə dəvət edilib və “Qara Yanvar” günlərində çəkilmiş şəkillərdən ibarət foto sərgi ilə tanış olublar.

AZƏRTAC-ın Vaşinqton bürosu

20 yanvar 2020-01-20 08:25:00