×
A
A
A
Sazlamalar

Bolnisi rayonunun Kəpənəkçi kəndində “Zəlimxan Yaqub adına Poeziya Evi” tikiləcək

Tbilisi, 20 yanvar, AZƏRTAC

Azərbaycanın Xalq şairi, “Şöhrət” və Gürcüstanın “Şərəf” ordenləri laureatı Zəlimxan Yaqubun anadan olduğu Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonunun Kəpənəkçi kəndində “Zəlimxan Yaqub adına Poeziya Evi” tikiləcək.
Kənd ağsaqqalı, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov AZƏRTAC-a bildirib ki, Bolnisi rayon bələdiyyəsi Kəpənəkçi kənd əhalisinin, eləcə də Zəlimxan sevənlərin müraciətinə müsbət cavab verib. Bələdiyyə Kəpənəkçi kəndində “Zəlimxan Yaqub adına Poeziya Evi”nin tikintisinə razılıq verib və torpaq sahəsi ayırıb.
Onun sözlərinə görə, yaxın günlərdə yeni mədəniyyət ocağının eskiz layihəsi də təsdiq olunacaq və tezliklə tikintiyə başlanılacaq.
Qeyd edək ki, yanvarın 23-də Kəpənəkçi kəndində Xalq şairinin anadan olmasının 70 illiyi geniş qeyd olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Mədəniyyət 2020-01-19 23:02:00