×
A
A
A
Sazlamalar

Latviyada 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib VİDEO

Riqa, 20 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Latviyadakı Səfirliyi və Riqada yerləşən Barrikada Muzeyinin birgə təşkilatçılığı ilə adı çəkilən Muzeydə 20 Yanvar faciəsinin 30-cu ildönümünə və Barrikada hadisələrinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Bakı və Riqa şəhərlərində törədilmiş 20 Yanvar hadisələri nəticəsində öz ölkələrinin müstəqilliyi uğrunda canlarından keçmiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Tədbirdə Latviya Parlamentinin Latviya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri, Latviya Xarici işlər Nazirliyinin nümayəndəsi, Latviyanın müstəqilliyi uğrunda mübarizədə iştirak etmiş veteranları, KİV təmsilçiləri, ictimai-siyasi xadimlər, bu ölkədə yaşayan etnik azlıqların rəhbərləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Mərasimdə 20 Yanvar faciəsinə aid sənədli film nümayiş etdirilib.
Tədbirdə səfir Cavanşir Axundov Barrikada Muzeyinin Latviyada dövlətçiliyin bərpası hərəkatının və milli oyanışın kulminasiya nöqtəsi olan 30 illik tarixə malik hadisələr haqqında material və məlumatları mühafizə etmək kimi ali missiyanı daşıdığını diqqətə çatdırıb, burada olan sənədlərin Latviyanın müasir tarixinin gələcək nəsillər tərəfindən öyrənilməsində əhəmiyyətini vurğulayıb.
C.Axundov daha sonra 30 il öncə Bakıda törədilmiş qanlı hadisələr haqqında söhbət açaraq keçmiş Sovet dövlətinin hərb maşınının Azərbaycan xalqının siyasi iradəsinin və müstəqillik tələbinin məqsədyönlü şəkildə susdurulması üçün istifadə edildiyini bildirib, dinc əhaliyə qarşı xüsusi qəddarlıqla törədilmiş təcavüz aktının nəticələri barədə məlumat verib. Diplomat 20 Yanvar faciəsinin törədilməsini Sovet İttifaqının tarixi və sosial mahiyyətini itirmiş siyasi sisteminin iflası kimi qiymətləndirib. O, bu cinayəti törədənlərin hələ də məsuliyyətə cəlb edilmədiyini, lakin ədalət qarşısında bir gün cavab verəcəklərinə inandığını söyləyib.
C.Axundov 20 Yanvar faciəsinə dövlət səviyyəsində həqiqi tam siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayıb. Azərbaycanda törədilən bu qanlı hadisəyə ilk olaraq ulu öndər Heydər Əliyevin münasibət bildirdiyini qeyd edən səfir dahi liderin faciədən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni kəskin şəkildə pislədiyini və Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdiyini bildirib.
C.Axundov 1988-ci ilin fevral ayında baş vermiş Sumqayıt hadisələrinin Ermənistanın Kütləvi İnformasiya Vasitələri tərəfindən təhrif edilərək Azərbaycan xalqına qarşı qarayaxma kampaniyasının aparılmasına toxunaraq azərbaycanlıların öz dədə-baba torpaqları olan indiki Ermənistan ərazisindən məcburən və kütləvi zorakılıqla qovulmasının sonuncu mərhələsi haqqında söhbət açıb, 1988-ci ildə erməni millətçiləri tərəfindən yüzlərlə günahsız, əliyalın, dinc və köməksiz soydaşlarımızın müxtəlif üsullarla və qəddarlıqla qətlə yetirildiklərini və ümumilikdə 300 mindən çox azərbaycanlının öz yurdundan qovulduğunu diqqətə çatdırıb.
Bakıda törədilmiş faciədən bir il sonra eyni hadisənin yanvarın 20-də Riqada baş verdiyini qeyd edən C.Axundov Sovet İttifaqı rəhbərliyinin həyata keçirdiyi qəddarlığın xalqlarımızın tarixinə və gələcək taleyinə ömürlük həkk olunduğunu bildirib.
Daha sonra Barrikada Muzeyinin direktoru Renars Zalais Bakıda törədilmiş 20 Yanvar faciəsinin 1991-ci ildə Riqada baş vermiş hadisələr ilə oxşarlıq təşkil etdiyini bildirib, lakin sovet hərb maşınının Azərbaycanda xüsusi qəddarlıq nümayiş etdirdiyini diqqətə çatdırıb.
20 Yanvar tarixinin hər iki xalqı eyni amal ətrafında birləşdirdiyini qeyd edən direktor Sovet xüsusi təyinatlılarının Riqaya hücumunu xatırladıb. Yerli hökumətin çağırışı ilə sözügedən hücumun qarşısının alınması məqsədilə əhali tərəfindən barrikadaların qurulduğunu söyləyən direktor bu barrikadaların qurulmasında Latviyada məskunlaşmış çox sayda azərbaycanlının da iştirak etdiyini sözlərinə əlavə edib.
Tədbirin sonunda hər iki ölkədə baş vermiş faciə qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.
Tədbir zalında, həmçinin 1990-cı ildə Bakıda törədilmiş faciənin qurbanlarının xatirəsinə həsr edilmiş guşə hazırlanıb.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa 

20 yanvar 2020-01-19 22:08:00

Video