×
A
A
A
Sazlamalar

Cəlilabadda 16 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Bakı, 18 yanvar, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan dəstənin üzvlərinə qarşı əməliyyat tədbirlərini uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik maddələrin satışı ilə məşğul olan daha üç nəfər saxlanılıb. Əməliyyat zamanı Göytəpə şəhər sakinləri Abdulla Zeynalov, Gündüz Məmmədov və Şakir İsmayılov tutulublar. A.Zeynalovun üzərində axtarış aparılan zaman 3,39 qram, G.Məmmədovdan 3 kiloqram 350 qram, Ş.İsmayılovun üzərindən isə 1,364 qram heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirləri nəticəsində dəstənin üzvü Ş.İsmayılovun yaşadığı evdə də külli miqdarda narkotik vasitə saxladığı məlum olub. Onun rayon ərazisindəki evinə baxış zamanı satış üçün əldə etdiyi dörd bağlamada qablaşdırılan 2 kiloqram 565 qram heroin aşkar edilərək götürülüb.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Göytəpə şəhər sakini Aftandil Ağayev də saxlanılıb. Onun üzərində axtarış aparılan zaman cibindən 29 bükümdə 7,461 qram heroin aşkar edilib. Əməliyyat –axtarış tədbirlərinin davam etdirilməsi nəticəsində A.Ağayevin evinə baxış zamanı əlavə olaraq 2 kiloqram 200 qram heroin və 40 bükümdə 2,43 qram metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, cari ilin yanvarında Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən ümumilikdə 16 kiloqrama yaxın heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Hadisə 2020-01-18 17:22:00

Video