×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi ilə bağlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 18 yanvar, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı təşkil etdiyi inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC Baş İdarənin saytına istinadla xəbər verir ki, “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda müsabiqədə paytaxtın orta ümumtəhsil müəssisələrinin şagirdləri iştirak ediblər.
Mərasimdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və faciə ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq, bu hadisələrin heç vaxt yaddaşdan silinməyəcəyini vurğulayıblar. Onlar şəhidlərimizin Vətən yolunda qəhrəmanlıq göstərdiklərindən, onların hər zaman qəlbimizdə yaşayacaqlarını bildirərək 20 Yanvar faciəsinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə hüquqi-siyasi qiymətin verilməsindən, Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində Ulu Öndərin misilsiz xidmətlərindən danışıblar.
Çıxışlardan sonra müsabiqənin qalibləri mükafatlandırılıb.

Sosial 2020-01-18 17:01:00