×
A
A
A
Sazlamalar

20 Yanvar şəhidlərinin xatirəsi Şəkidə böyük ehtiramla anılıb

Şəki, 18 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə və insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı idi. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Şəki şəhər Mədəniyyət Mərkəzi və Xocalı şəhər 3 saylı tam orta məktəbin kollektivinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə səsləndirilib.
Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.
Mədəniyyət Mərkəzinin əməkdaşlarının və Xocalı şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin ifasında şeirlər söylənilib, vətənpərvər ruhlu mahnılar oxunub.
Sonra Mədəniyyət Mərkəzinin direktoru Ağaəli Cəlilov və Xocalı məktəbinin direktoru Eldəniz Məhərrəmov çıxış edərək, milli birlik və vətənpərvərliyin rəmzinə çevrilmiş 20 Yanvar faciəsinin xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizə tarixinin şanlı səhifələrindən biri olduğunu vurğulayıblar.
Tədbir Şəmistan Əlizamanlının ifasında “Şəhidlər xiyabanı” mahnısının səsləndirilməsi ilə başa çatıb.

Regionlar 2020-01-18 15:41:00