×
A
A
A
Sazlamalar

Abşeron rayon rəhbərliyi 20 Yanvar şəhidlərinin ailələri və əlilləri ilə görüşüb

Xırdalan, 18 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron Rayon İcra Hakimiyyətində 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar olaraq həmin hadisələrdə şəhid olan insanların ailələri və əlilləri ilə görüş təşkil edilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova faciə haqqında danışıb. Qeyd edilib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini, əzmini qırmağa, onu qorxutmağa hesablanmış, məqsədyönlü şəkildə atılan addım olub. Lakin xalqımız öz müstəqilliyi, azadlığı yolundan dönməmiş, iradəsini və əzmini ortaya qoyaraq müstəqillik əldə edib. Faciə qurbanlarının xatirəsinin unudulmadığı, hər il minlərlə insanın Şəhidlər xiyabanına yürüş etdiyini deyən icra başçısı 20 Yanvar hadisələrinin bir daha baş verməməsi üçün xalqımızın bir olması və öz düşmənlərinə qarşı birgə mübarizə aparmasının vacibliyini qeyd edib.
Dünyada və eləcə də regionda baş verən hadisələrə diqqət çəkən İ.Gülməmmədova Azərbaycanda düşünülmüş siyasət nəticəsində sabitliyin hökm sürdüyünü və ölkəmizin inkişaf etdiyini vurğulayıb. Azərbaycan tarixində 20 Yanvar şəhidlərinin və əlillərinin böyük rolu olduğunu qeyd edən icra başçısı əlavə edib ki, öz dövləti, Vətəni üçün çalışan insanlar heç vaxt unudulmur, onlara hər zaman dövlət diqqət və qayğı göstərir.
Daha sonra şəhid ailələri və əlilləri çıxış edərək Vətən üçün ölməyin şərəf gətirdiyini qeyd ediblər. Dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən çıxışçılar ölkə rəhbərliyinin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiklərini ifadə ediblər.
Sonda 20 Yanvar hadisələri zamanı şəhid olan insanların ailələrinə və əlillərinə maddi yardım göstərilib.

Regionlar 2020-01-18 15:10:00