×
A
A
A
Sazlamalar

Xocavənd məktəblilərinin “Zəfərə gedən yol” adlı rəsm sərgisi təşkil edilib

Beyləqan, 18 yanvar, AZƏRTAC
Xocavənd rayon Salakətin kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Zəfərə gedən yol” adlı rəsm sərgisi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələrinin, ziyalıların, müəllim və şagirdlərin iştirak etdiyi tədbir dövlət himninin səslənməsi ilə başlayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edənlər 30 il əvvəl sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğının səbəbləri və ağır nəticələri barədə ətraflı danışıblar. Sonra məktəblilərin hazırladıqları slayd və şeir kompozisiyası təqdim olunub. Tədbir iştirakçıları rayonun ümumtəhsil müəssisələrinin şagirdlərinin çəkdikləri 20 Yanvar faciəsini əks etdirən rəsmlərə, eləcə də mərkəzləşdirilmiş kitabxana sistemi tərəfindən nümayiş olunan qanlı hadisələrə həsr edilmiş kitablara baxıblar.
Tədbirin fəal iştirakçıları diplomlarla təltif ediliblər.

Regionlar 2020-01-18 13:06:00