×
A
A
A
Sazlamalar

20 Yanvar – Azərbaycan xalqının rəşadət, qətiyyət və qəhrəmanlıq tarixidir

Bakı, 18 yanvar, AZƏRTAC

Bakıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz nəticəsində dinc əhaliyə divan tutulması insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb. Yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş tədbirdə qanlı hadisənin günahsız qurbanlarının xatirəsi ehtiramla yad olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, faciənin günahsız qurbanlarını ehtiramla anan İSİM-in əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil və güllər qoyublar.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxış edərək bildirib ki, Azərbaycan xalqı amansızlıqla həyata keçirilmiş bu qəddar cinayətdən nəinki qorxmadı, əksinə, azadlığı, suverenliyi uğrunda daha inamla mübarizə apardı: “Həmin gün çətin sınağa çəkilən xalqımız 1990-cı ilin 20 Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Müasir müstəqil Azərbaycan Respublikası Qara Yanvar hadisələrində şəhid olan soydaşlarımızın öz canlarını əbəs yerə qurban vermədiklərinə ən parlaq sübutdur”.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov müstəqillik yolunda digər xalqların da oxşar faciələr yaşadığını, amma 1990-cı ildə Azərbaycanda törədilən qırğının daha amansız və genişmiqyaslı olduğunu söyləyib: “Təəssüflər olsun ki, dünyada hələ də qərəzli, ikili standartlar hökm sürür və 20 Yanvar faciəsi barədə bütün həqiqətlər bəşəriyyətə bu gün də geniş açıqlanmır, bəzi ölkələr və beynəlxalq təşkilatlar hələ də susmağa üstünlük verməkdədirlər”.
İSİM-in kadrlar şöbəsinin müdiri Aris Rüstəmov vurğulayıb ki, 20 Yanvar – öz torpağının müdafiəsinə qalxmış, ədalətsizliyə qarşı haqq səsini ucaltmış, güclü və məkrli düşmənlə üzbəüz qalmış dinc, əliyalın insanların rəşadət, qətiyyət və qəhrəmanlıq tarixidir.
Qanlı Yanvar hadisələrində səhiyyə işçilərinin şücaəti, fədakarlığı ilə bağlı xatirələrini bölüşən İSİM-in tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Gülşən Həsənova bildirib ki, faciə xalqımızı yumruq kimi birləşdirdi: “Ulu öndər Heydər Əliyevin çəkinmədən Moskvada SSRİ rəhbərliyini törətdiyi qanlı cinayətə görə qətiyyətlə ittiham etməsi hər birimizi ürəkləndirdi, məkrli düşməni isə sarsıtdı. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi qiymət verilib”.
İSİM-in psixoloqu Aysel Musayeva 20 Yanvar şəhidlərinin yeni nəsil üçün qəhrəmanlıq, Vətənə sədaqət rəmzi olduğunu diqqətə çatdırıb: “Onlar unudulmur və bu qəhrəmanlıq gənclərimizdə iradə, qorxmazlıq, doğma torpaq uğrunda hər an şücaətlə döyüşə atılmaq kimi keyfiyyətlərin təşəkkül tapmasında böyük rol oynayır”.
Azadlığa can atan xalqımızın mübarizliyini nümayiş etdirən 20 Yanvar hadisələri iştirakçılara təqdim edilən videoçarxda əks olunub.

20 yanvar 2020-01-18 12:07:00