×
A
A
A
Sazlamalar

20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun direktoru, professor Nazim Müzəffərli Azərbaycanın müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərin adının tariximizə və qan yaddaşımıza əbədi həkk olunduğunu bildirib. O qeyd edib ki, 20 Yanvar hadisələri xalqımızın qəhrəmanlıq tarixidir, nə qədər hüznlü olsa da, bir o qədər qürurlu olmalıyıq.
Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa, professor Tərbiz Əliyev, iqtisad elmləri doktoru Ağadadaş Qafarov və başqaları çıxışlarında 20 Yanvar hadisələrindən, o dövrdə xalqımızın qəhrəmanlığından, şücaətindən bəhs ediblər. O dövrün ictimai-siyasi proseslərindən, 20 Yanvar günlərində şahidi olduqları hadisələrdən, faciənin baş verməsi səbəblərindən, insanların azadlıq mübarizəsindən söz açıblar. 20 Yanvar şəhidlərinin adının müstəqillik tariximizə əbədi həkk olunduğunu, onların xatirəsinin həmişə hörmətlə anılacağını qeyd ediblər.

Elm və təhsil 2020-01-18 12:05:00