Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

20 Yanvar şəhidləri xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar

Bakı, 18 yanvar, AZƏRTAC
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. İnstitutun əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin mahiyyətindən danışıb. Bildirib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çoxlu sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.
Ə.Quliyev ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini qeyd edib.
Həmkarlar İttifaqı Komitəsinin sədri Məmməd Məmmədov çıxışında 20 Yanvar hadisələrinin xalqımıza qarşı aparılan düşünülmüş siyasətin təzahürü olduğunu bildirib. O, 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. Bildirib ki, xalqımız bu məkrli siyasətin nəticəsində qeyrətli oğullarını itirib. Azərbaycan xalqı bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev bildirib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, faciəvi gün deyil, həm də millətimizin qəhrəmanlığını nümayiş etdirdiyi gündür.
Tədbirdə, həmçinin institutun əməkdaşları - Mustafa Mustafayev, Vilayət Həsənov, Əli Cəfərov və Niyazi Süleymanov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın yaddaşında əbədi həkk olunduğunu vurğulayıblar.
Sonda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən videoçarx nümayiş olunub.

Elm və təhsil 2020-01-18 11:09:00