×
A
A
A
Sazlamalar

20 Yanvar şəhidlərinin adı tariximizə və qan yaddaşımıza əbədi həkk olunub

Bakı, 17 yanvar, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rektor Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” imzaladığı Sərəncama uyğun olaraq bütün dövlət qurumlarında, təhsil ocaqlarında, eləcə də BANM-də müvafiq tədbirlər keçirilib.
Rektor Azərbaycanın müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərin adının tariximizə və qan yaddaşımıza əbədi həkk olunduğunu bildirib. O, 20 Yanvar faciəsinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hüquqi qiymət verildiyini diqqətə çatdırıb.
“1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı dövründə onun səyləri nəticəsində 1994-cü il martın 29-da Milli Məclis tərəfindən qəbul edilən qərarda 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Faciədən 30 ilə yaxın bir dövr keçir. Ötən müddət ərzində faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi və inkişafı tam bərqərar olub”.
Rektor tələbələrə xalqımızın tarixində baş vermiş bütün faciələrin, eyni zamanda, 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyindən danışıb, onlara təhsil aldıqları ingilis dili biliklərindən istifadə edərək bu işdə fəal olmağı tövsiyə edib.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısa sənədli film nümayiş etdirilib.

 

Elm və təhsil 2020-01-17 19:11:00