×
A
A
A
Sazlamalar

Bakı Musiqi Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Təhsil naziri Ceyhun Bayramov xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş faciənin ağır nəticələrindən danışıb.
Qeyd edib ki, Azərbaycanın çağdaş tarixinə Qanlı Yanvar kimi daxil olan 20 Yanvar faciəsindən 30 il keçsə də, onun ağrısı azalmayıb. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarının işğalına, soydaşlarımızın Ermənistandan və Dağlıq Qarabağdan qovulmasına etiraz olaraq xalqımızın ayağa qalxmasına qarşı törədilən bu hadisə əslində ermənilərin mərhələlərlə Azərbaycan ərazisində məskunlaşdırılmasında, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin növbəti bir mərhələsi idi. Sovet hakimiyyəti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə bütün beynəlxalq hüquq normalarına və ölkə qanunvericiliyinə zidd olaraq əhaliyə heç bir xəbərdarlıq etmədən hərbi təcavüz edib, dinc əhaliyə amansızlıqla divan tutub. Həmin gecə milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxan minlərlə günahsız və silahsız vətəndaşlarımız keçmiş sovet ordusu tərəfindən amansızlıqla qətlə yetirilib.
C.Bayramov xalqımız üçün çox ağır bir zamanda ümummilli lider Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək cəsarətlə sovet rəhbərliyinə, kommunist rejiminə qarşı etirazla dolu bəyanat səsləndirdiyini, həmçinin Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bu hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini, 20 Yanvarın Ümumxalq Hüzn Günü elan edildiyini xüsusi vurğulayıb.
Bildirilib ki, 20 Yanvar faciəsi bizim qan yaddaşımıza tariximizin şanlı səhifəsi kimi yazıldı. Xalqımızın mübariz oğul və qızları ölkəmizin azadlığı, dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü naminə canlarını fəda edərək qəhrəmanlıq göstərdilər. Yetişməkdə olan gənc nəsil üçün tariximizin belə səhifələrini bilməsi onların vətənpərvərlik ruhunda böyüməsində, milli ruhda tərbiyə olunmasında olduqca vacibdir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar 20 Yanvar hadisələrinin mənəvi, siyasi aspektlərindən söz açıb.
O, 20 Yanvar hadisələrini xalqımızın tarixində, taleyində ən faciəli günlərdən biri kimi dəyərləndirərək, qanlı gecəyə qədər baş vermiş hadisələrdən söhbət açıb. Yazıçı həmin faciəvi hadisənin səbəbkarlarından, Mixail Qorbaçovun cinayətkar əməllərindən danışıb, törədilən vəhşiliklərdə ermənilərin fəal iştirakına aid faktlar söyləyib. Qeyd edib ki, sağalmaz yaramız olan 20 Yanvar hadisələri xalqımızın mübarizə əzmini qırmadı, əksinə, Azərbaycanın müstəqilliyinə doğru yol açdı.
Tədbir çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” kamera orkestrinin ifasında kompozisiyalar səsləndirilib.

 

Elm və təhsil 2020-01-17 18:50:00