×
A
A
A
Sazlamalar

Lənkəranda çəltik istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı regional müşavirə keçirilib

Bakı, 17 yanvar, AZƏRTAC

Lənkəran rayonunda “Cənub bölgəsində çəltik istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirilib. Tədbirdə Lənkəran, Astara, Masallı, Biləsuvar, İmişli və Salyan rayonlarının Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri və mütəxəssisləri iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə keçirilən müşavirədə bildirilib ki, Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsi çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin ümumi iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfə verir.
“Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflərin həyata keçirilməsi üçün yeni məhsuldar çəltik sortlarının yaradılması, onların toxumçuluğunun təşkili, gübrə, pestisid, becərmə texnikaları ilə təminat, əkin sahələrinin genişləndirilməsi və digər məsələlər müşavirədə geniş müzakirə edilib.
Müşavirədə müvafiq rayonların DAİM rəhbərlərinin, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, ”Aqrolizinq” ASC , emal müəssisələrinin mütəxəssisləri, eləcə də çəltik istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin təklif və tövsiyələri dinlənilib, çəltik istehsalında yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Tədbirin sonunda bir neçə çəltik emal müəssisələrinə baxış keçirilib və müzakirələr aparılıb.

 

Kənd təsərrüfatı 2020-01-17 18:41:00