Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tarix Muzeyində 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar - Ümumxalq Hüzn Gününün 30-cu ildönümünə həsr edilmiş “İstiqlal mübarizləri” mövzusunda tədbir keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Zümrüd İsmayılova imperiya ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ayrı-ayrı rayonlarda törətdiyi qanlı hadisələrdən bəhs edib.
O, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə faciəyə siyasi-hüquqi qiymət verildiyini söyləyib.
Azərbaycan Respublikası Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əlizadə və digər çıxış edənlər 20 Yanvarın tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsi olduğunu deyiblər.
Sonra Nərimanov rayonu 39 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı “İstiqlal mübarizləri” mövzusunda ədəbi-bədii kompozisiya göstərilib.
Tədbirdə muzeyin fondlarında qorunan materiallardan ibarət “20 Yanvar şəhidləri” toplusu (toplunun elmi redaktoru akademik Nailə Vəlixanlıdır) təqdim olunub.

 

Elm və təhsil 2020-01-17 18:23:00