×
A
A
A
Sazlamalar

Əlyazmalar İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirini giriş nitqi ilə açan institutun direktoru, akademik Teymur Kərimli qəsbkar sovet imperiyasının tarixboyu Azərbaycan xalqına göstərdiyi zülmlərdən danışıb və imperiya rəhbərlərinin xalqımıza növbəti dəfə yaşatdığı 1990-cı ilin qanlı 20 Yanvar hadisəsinin onların insanlığa sığmayan siyasətinin bir ssenarisi olduğunu qeyd edib. Teymur Kərimli vurğulayıb ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda apardığı çoxillik mübarizəsinin zirvə nöqtəsi idi. Akademik Azərbaycan xalqının müstəqilliyə qovuşmasında 20 Yanvar faciəsinin önəmini xüsusilə vurğulayıb və şəhidlərimizin qəhrəmanlıqlarının heç bir zaman unudulmayacağını söyləyib.
İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov çıxışında bildirib ki, 20 Yanvar gecəsi xalqımızın tarixinə qızıl hərflərlə yazılan bir hadisədir.
Həmin ərəfədə xarici ölkələrin birində fəaliyyət göstərdiyini deyən Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov qanlı hadisədən xəbər tutan soydaşlarımızın dərin sarsıntı keçirsələr də, qürbətdə həmrəylik nümayiş etdirdiklərini, müstəqillik uğrunda canını fəda edən şəhidlərimizlə qürur duyduqlarını bildirib.
Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Günaydın 20 Yanvar hadisəsinin Cənubi Qafqazın erməniləşdirilməsinə növbəti cəhd olduğunu, sovet imperiyasının bu planının hələ XVII əsrə gedib çıxdığını, çarın fərmanlarında öz əksini tapdığını və XIX əsrin əvvəllərində həyata keçirildiyini bildirib. Qeyd edib ki, sovet hakimiyyətinin törətdiyi 20 Yanvar faciəsi eyni planın bir parçası olub.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov 20 Yanvar hadisəsinin Azərbaycan xalqının təfəkkürünü dəyişdiyini söyləyib və vurğulayıb ki, bu dəyişikliyə səbəb olan şəxslərdən biri ümummilli lider Heydər Əliyev olub. Belə ki, Heydər Əliyev hadisədən bir gün sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək imperiyanın siyasətini pisləyib və 20 Yanvar hadisəsini qətliam adlandırıb.
Sonra 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.

Elm və təhsil 2020-01-17 18:19:00