×
A
A
A
Sazlamalar

Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib

Moskva, 17 yanvar, AZƏRTAC
Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib. İkitərəfli qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə bir çox cəhətdən Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin etimada söykənən açıq dialoqu kömək edib.
AZƏRTAC xəbər verir ki, 2019-cu ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına dair mətbuat konfransı üçün KİV-lərin suallarına Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin cavabında belə deyilir. “2019-cu ildə Rusiya-Azərbaycan münasibətləri necə inkişaf edib?” sualına cavab nazirliyin saytında yerləşdirilib.
RF XİN-in cavabında qeyd edilir ki, 2019-cu ildə liderlər 3 dəfə görüşüblər: aprelin 26-da Pekində “Bir kəmər, bir yol” Forumu çərçivəsində, oktyabrın 3-də Valday forumunda və dekabrın 20-də Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2019-cu il noyabrın 20-25-də Moskvaya səfər edib. Hökumət və parlament xətləri üzrə əlaqələr fəal inkişaf edib. Federasiya Şurasının sədri Valentina Matviyenko apreldə Bakıda rəsmi səfərdə olub.
Rusiya Azərbaycanın əsas ticari tərəfdaşlarından biridir. 2019-cu ilin yanvar-oktyabr aylarında əmtəə dövriyyəsi 2,5 milyard ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövründəkindən 25 faiz çoxdur. Rusiya-Azərbaycan strateji tərəfdaşlığını keyfiyyətcə başqa səviyyəyə çıxarmağa istiqamətlənmiş 5 “yol xəritəsi” uğurla həyata keçirilir. Əlaqədar idarələr innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığa dair yeni əlavə “xəritə” üzərində işləməyə başlayıblar. Hazırda Azərbaycanda 950 müştərək müəssisə işləyir. Rusiya Azərbaycana 4,5 milyard dollar, Azərbaycan Rusiyaya 1,5 milyard dollar investisiya yatırıb.
Mədəniyyət-humanitar və təhsil sahələrində birgə layihələr yüksək səviyyədə həyata keçirilir. 2019-cu ildə Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçirilib, qarşıdan Rusiyada Azərbaycan Mədəniyyəti Günləri gəlir.
Rusiya müxtəlif beynəlxalq tədbirlərdə Bakı ilə uğurlu qarşılıqlı fəaliyyət göstərir.

 

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2020-01-17 16:37:00