×
A
A
A
Sazlamalar

Regiondakı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini yaxınlaşdırır VİDEO

Ankara, 17 yanvar, AZƏRTAC

Azərbaycanın Ankaradakı Səfirliyi və Türkiyənin Strateji Düşüncə İnstitutunun (SDİ) birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz: regional əməkdaşlıq üçün imkanlar və problemlər” mövzusunda konfrans keçirilib.
Rəsmi hissədə səfir Xəzər İbrahim və SDİ-nin sədri Məhəmməd Savaş Kafkasyalı Cənubi Qafqazdakı vəziyyət, böyük dövlətlərin maraqları, o cümlədən Azərbaycanın mövqelərindən bəhs ediblər. Vurğulanıb ki, regionun iki güclü dövləti olan Azərbaycan və Türkiyə arasındakı münasibətlər Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və iqtisadi inkişafa böyük təsir göstərməkdədir.
Sonra Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusu Kılıçın sədrliyi ilə konfransın panel hissəsi keçirilib. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələrini və əsasız iddialarını nəinki Cənubi Qafqaz üçün, daha geniş coğrafiya üçün təhlükə mənbəyi kimi dəyərləndirən Hulusu Kılıç vurğulayıb ki, təcavüzkar tərəf öz qonşuları ilə düşünülmüş və ağıllı münasibət yaradarsa, regionda vəziyyət tamamilə başqa bir istiqamətdə inkişaf edə bilər.
Paneldə TANAP-ın baş direktoru Saltuk Düzyol, “Enerji və diplomatiya” jurnalının baş redaktoru, beynəlxalq münasibətlər üzrə ekspert Oqtay Tanrısevər, SDİ-nin departament rəhbəri Güray Alpar və tanınmış alim Cenk Pala Cənubi Qafqaz və onun ətrafında cərəyan edən hadisələrin tarixi, hərbi, geostrateji və iqtisadi aspektlərini təhlil ediblər.
Çıxışlarda Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının işlənməsi və Avropaya çatdırılmasından, o cümlədən Avrasiyanın ən uzun boru xətti olan Trans-Anadolu qaz kəməri layihəsinin qlobal əhəmiyyəti, regionda digər təbii ehtiyatların yaratdığı perspektivlər, beynəlxalq münasibətlər sistemində müşahidə edilən dəyişikliklər, bu prosesin Cənubi Qafqazdakı vəziyyətə təsiri və iqtisadi tarazlaşdırma, həmçinin ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi tarixindən və ondan sonrakı proseslərdən danışılıb.
Ciddi faktlar və məntiqi mülahizələrlə əsaslandırılıb ki, regiondakı vəziyyət Azərbaycanın xeyrinə işləyir, Ermənistan getdikcə təklənir. Bu tendensiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini yaxınlaşdırır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara 

Siyasət 2020-01-17 06:45:00

Video