×
A
A
A
Sazlamalar

“Modern Diplomacy” nəşri Azərbaycanda aparılan islahatlar barədə məqalə dərc edib

Bakı, 16 yanvar, AZƏRTAC
“Modern Diplomacy” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynovun Azərbaycanda aparılan islahatların dövlətin xarici siyasətinə təsiri mövzusunda məqaləsi yayımlanıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycanda 1990-cı illərdə qurulmuş iqtisadi və siyasi sistemin beynəlxalq münasibətlərdəki yeni reallıqlar fonunda islahatlara ehtiyac duyduğu və ölkə rəhbərliyinin bu çağırışlara adekvat cavab verdiyi qeyd edilir. İslahatlar prosesinin dünya bazarında enerji qiymətlərinin qəfil ucuzlaşmasından əvvəl başladığını bildirən müəllif qeyd edir ki, 2012-ci ildə istifadəyə verilmiş “ASAN xidmət” bunun bariz nümunəsidir.
Qeyd olunur ki, 2019-cu ildə islahatlar prosesi indiyə qədərki ən yüksək səviyyəyə çatıb. Ölkədəki gəncləşmə prosesi, yeni nəsil teknokratların önə çəkilməsi, maliyyə idarəçiliyində daha çox şəffaflıq, məhkəmə sistemində irəliləyişlər Azərbaycan iqtisadiyyatının gələcəyi üçün faydalı təməl rolunu oynayacaq. Müəllif bu dəyişikliklərin Azərbaycanın Cənubi Qafqazın iqtisadi xəritəsində aparıcı rol oynamasını təmin edəcəyini, dövlətin beynəlxalq və regional nəqliyyat layihələrinə, həmçinin digər iqtisadi layihələrə əvvəllər olduğu kimi, yenə də lazımi investisiya qoymasına şərait yaradacağını bildirib.
Vurğulanır ki, Azərbaycan Türkiyə, Rusiya, Qazaxstan, Belarus kimi mühüm tərəfdaşlarla böyük ambisiyalı nəqliyyat və enerji layihələri sahəsində əməkdaşlığı genişləndirir. Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak, TANAP boru kəmərinin istifadə verilməsi və s. layihələr ölkəmiz üçün olduğu kimi, bu layihələrdəki tərəfdaş ölkələrin iqtisadiyyatı üçün də ciddi əhəmiyyət daşıyır.
Azərbaycandakı sabit siyasi və iqtisadi vəziyyətin, eyni zamanda, Cənubi Qafqazın təhlükəsizliyi üçün əhəmiyyət kəsb etdiyini bildirən müəllif ölkəmizin çətin məqamlarda öz qonşularına dəstək verdiyini və kömək etdiyini diqqətə çatdırıb.
Diqqətə çatdırılır ki, Azərbaycandakı islahatlar, eyni zamanda, ölkəmizin Qərbdən olan tərəfdaşları ilə əlaqələrinin daha da inkişafı üçün şərait yaradır. Azərbaycanda ictimai xidmətlərin optimallaşdırılması, gəncləşmə prosesi və son islahatlar nəticəsində yaranan yeni siyasi mühit Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında elan edilən hədəflərlə uzlaşır və ona görə də dəstəklənməlidir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
https://moderndiplomacy.eu/2020/01/15/external-implications-of-domestic-reforms-in-azerbaijan

Siyasət 2020-01-16 14:09:00