×
A
A
A
Sazlamalar

AZƏRTAC Anadolu Agentliyi jurnalistlərinin Qahirədə həbs olunmasını qətiyyətlə pisləyir

Bakı, 16 yanvar, AZƏRTAC

AZƏRTAC Misir polisinin Anadolu Agentliyinin Qahirədəki ofisində axtarış aparmasını və jurnalistlərin həbs olunmasını qəti şəkildə pisləyir. Biz Azərbaycana dost, qardaş ölkə olan Türkiyənin Anadolu Agentliyi ilə həmrəylik nümayiş etdirir, daim türkiyəli həmkarlarımızın yanında olduğumuzu bəyan edirik. Hesab edirik ki, Misir polisi demokratik prinsiplərə zidd olan bu hərəkəti ilə həm insan hüquqlarını, həm də söz və mətbuat azadlığını kobud şəkildə pozub.
Xəbər verildiyi kimi, yanvarın 14-də axşam saatlarında Misir polisi Anadolu Agentliyinin Qahirədəki ofisində axtarış aparıb və agentliyin dörd əməkdaşını həbs edib. Agentliyin əməkdaşları naməlum istiqamətə aparılıb. Polis ofisdə təhlükəsizlik kameralarını söndürüb və internet bağlantısını kəsib, əməkdaşların pasportlarını, mobil telefonlarını və kompüterlərini müsadirə edib. Anadolu Agentliyinin vəkilləri tərəfindən göndərilən sorğuya baxmayaraq, axtarışın səbəbi açıqlanmayıb.
Türkiyəli həmkarları ilə həmrəylik nümayiş etdirən AZƏRTAC Misir polisinin Anadolu Agentliyinin jurnalistlərinə qarşı bu hərəkətini yolverilməz hesab edir və həbs olunan əməkdaşların dərhal azadlığa buraxılmasını tələb edir.

Siyasət 2020-01-16 12:35:00