×
A
A
A
Sazlamalar

Masallı rayonunda çağırışçı gənclər hərbi xidmətə yola salınıb

Bakı, 15 yanvar, AZƏRTAC 

Yanvarın 15-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Masallı rayon şöbəsinin şəxsi heyətinin, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələrinin, ziyalıların, ağsaqqalların, şəhid ailələrinin, Qarabağ qazilərinin və valideynlərin iştirakı ilə çağırışçı gənclər təntənəli mərasimlə hərbi xidmətə yola salınıb.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Bayraq Meydanında keçirilən tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıları, onların valideynlərini və yaxınlarını təbrik edərək ordu quruculuğu prosesində qazanılmış uğurlardan söz açıb. Hər bir Azərbaycan əsgər və zabitinin hərbin sirlərinə dərindən yiyələnərək şəhidlərimizin qisasını almaq üçün çalışmalı olduğunu vurğulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin hazırda regionun ən güclü ordusuna çevrildiyini diqqətə çatdırıb.
Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev Azərbaycan xalqının ordumuzun gücünə inandığını bildirib və işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə edib, gənclərə öz tövsiyələrini verib.
Mərasimdə çıxış edən valideynlər hərbi xidmətə yollanan gənclərə Azərbaycan dövlətçiliyinin qorunmasında və müdafiəsində uğurlar arzulayıb, çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, vətənimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışıblar.
Öz növbəsində, çağırışçılar Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlarını, hərbi sirlərə dərindən yiyələnəcəklərini söyləyiblər.
Masallı Regional Mədəniyyət İdarəsi, şəhər Mədəniyyət Mərkəzi, Xalq Teatrının incəsənət ustalarının, “Halay” folklor ansamblının və Masallı Regional Dövlət Kollecinin tələbələrinin ifasında vətənpərvərlik, qəhrəmanlıq mövzusunda mahnılar və rəqslər ifa edilib, ədəbi-bədii kompozisiya göstərilib.
Tədbirin sonunda gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

Ordu 2020-01-15 17:25:00