×
A
A
A
Sazlamalar

“Azəriqaz”: Bu gün mexaniki sayğacların göstəricilərinin oxunuşu yekunlaşacaq

Bakı, 10 yanvar, AZƏRTAC

Mexaniki sayğaclarda limitin sıfırlanması üçün əhali abonent qrupunun istifadə etdiyi mexaniki sayğacların göstəricilərinin oxunmasına ölkə ərazisində 2020-ci ilin ilk rəsmi iş günündən – yanvarın 7-dən start verilib. “Azəriqaz” İB-nin baş direktorunun göstərişi ilə bütün əlaqədar strukturlar, eləcə də Regional qaz istismarı idarələri gücləndirilmiş iş rejimində çalışır. Birliyin əməkdaşlarının fiziki olaraq qeydə aldığı sayğac göstəriciləri toplanılaraq gün ərzində mərkəzi aparatın abonent bazasına yerləşdirilir.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, yanvarın 8-nə 35 faiz, yanvarın 9-na isə 72 faiz sayğac göstəriciləri ümumi bazaya yerləşdirilib. Yanvarın 10-u saat 11:00-dək 970 mindən çox sayğac üzrə məlumatları toplamaq mümkün olub. Bu gün, yanvarın 10-da saat 14:00-dək bütün mexaniki sayğacların göstəricilərinin oxunuşu yekunlaşdırılacaq. Həmin vaxtdan etibarən bu tip sayğaclardan istifadə edən əhali abonent qrupu 2020-ci il üçün nəzərdə tutulan imtiyazlı 2200 kubmetr (başqa sözlə 220 AZN) qaz həcminin hər kubmetrinə görə 10 qəpik tarifi ilə ödəniş etmək imkanı əldə edəcəklər.
Qeyd edilib ki, bu prosesdə hər hansı vaxt itkisi yoxdur. Hər bir abonent 2200 kubmetrlik güzəştli qaz həcmindən bir il müddətinə istifadə edəcək. Mexaniki sayğac istifadəçilərinin bu limitdən istifadə müddəti 2021-ci ilin yanvar ayının 10-dək (365 gün) qüvvədə olacaq. Smart-kart tipli sayğaclarda isə 2019-cu il 31 dekabr gecə saat 00:00-dan etibarən limit sıfırlandığından bu sayğaclardan istifadə edən əhali qrup abonentləri artıq 2020-ci il yanvar ayının 01-dən sözü gedən güzəştli qaz həcmindən istifadəyə başlayıblar.

Neft - qaz 2020-01-10 13:21:00