×
A
A
A
Sazlamalar

Qəri Counz: BP “Azəri-Çıraq-Günəşli”dən 500 milyonuncu ton neftin hasil edilməsi nailiyyəti ilə qürur duyur

2019-cu ildə AÇG yatağında ümumi hasilat gündəlik 535 min barrel olub

Bakı, 9 yanvar, AZƏRTAC
BP şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 500 milyonuncu ton neftin hasil edilməsi nailiyyəti ilə qürur duyur.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, “Azəri-Çıraq-Günəşli” neft yatağının operatoru kimi BP AÇG layihəsindəki tərəfdaşları – SOCAR, “Chevron”, “Inpex”, “Equinor”, “ExxonMobil”, “TPAO”, “Itochu”, “ONGC Videsh Ltd (OVL)” adından dekabrın 26-da yataqdan 500 milyonuncu ton neftin hasil edildiyini qürurla bəyan edir. 1997-ci ildən etibarən AÇG yatağından hasil edilmiş yarım milyard ton neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Bakı şəhəri yaxınlığında yerləşən Səngəçal terminalından birbaşa dünya bazarına nəql olunub.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Bu nailiyyət Azərbaycanın yeni tarixində əlamətdar hadisə hesab etdiyimiz “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümünə böyük töhfədir. Operator olaraq biz ölkə və bütün AÇG tərəfdaşları üçün bu tarixi əhəmiyyət daşıyan bir ildə hasilatda əldə edilmiş bu nailiyyət ilə qürur duyuruq. Bu nailiyyətə töhfə vermiş hər kəsi təbrik edirəm və əməliyyatların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsi öhdəliyinə davamlı olaraq sadiq qaldıqlarına görə əməliyyatlar qrupuna təşəkkürümü bildirirəm.
AÇG nəhəng yataqdır. Hasilatda bu cür böyük nailiyyət əldə etməklə, ölkə və öz səhmdarları üçün nəhəng gəlirlər gətirməklə, yerli icmalarda çoxsaylı davamlı inkişaf imkanları yaratmaqla AÇG, həmçinin Xəzər regionunu aparıcı enerji hasilatı sahələrindən birinə çevirdi və dünyanın texnoloji cəhətdən ən qabaqcıl neft-qaz işlənmə regionlarından birinə çevrilməsinə imkan yaratdı. Operator kimi biz hökumət, SOCAR və digər tərəfdaşlarla sıx işləyərək növbəti otuz ildə də AÇG-nin ölkəyə töhfə verməsini təmin etməyə davam edəcəyik”.
Qeyd edək ki, AÇG üzrə hasilatın pay bölgüsü haqqında saziş (HPBS) 1994-cü il sentyabrın 20-də imzalanıb. Həmin vaxtdan etibarən yatağın işlənməsinə təxminən 38 milyard ABŞ dolları sərmayə qoyulub. 2017-ci ildə AÇG üzrə HPBS-in müddəti 2049-cu ilin sonunadək uzadılıb.
İlk neft 1997-ci il noyabrın 7-də “Çıraq” yatağından hasil edilib. AÇG yatağı, həmçinin Azərbaycan hökuməti üçün ümumilikdə 45 milyard kubmetrdən çox səmt qazı təmin edib.
2019-cu ildə AÇG yatağında ümumi hasilat səviyyəsi gündəlik 535 min barrel olub.
AÇG yatağında hazırda 8 dəniz platforması mövcuddur. Bunlardan 6-sı hasilat platforması və 2-si isə emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat platformasıdır. Yatağın növbəti işlənmə layihəsi olan “Azəri Mərkəzi Şərqi” (AMŞ) layihəsi hazırda icra mərhələsindədir və burada ilk neftin 2023-cü ildə hasil olunacağı gözlənilir.
Çıxarılan neft və qaz həcmləri platformalardan dünyanın ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalına (Bakı yaxınlığında, quruda yerləşir) nəql edilir.

Neft - qaz 2020-01-09 17:10:00