×
A
A
A
Sazlamalar

“Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının 2019-cu il
3 dekabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Təltif edilən şəxslər

1.0. “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:
1.0.1. Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə görə;
1.0.2. diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərilən xidmətə görə;
1.0.3. Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfəyə görə;
1.0.4. Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında səmərəli fəaliyyətə görə.
Maddə 2. Təltif edən orqan
“Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Qanunlar 2019-12-25 18:49:00