×
A
A
A
Sazlamalar

Bərdədə dünyəvi dövlətdə din və təhsil mövzusunda seminar keçirilib

Bakı, 17 dekabr, AZƏRTAC

Dekabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktəb direktorlarının və direktor müavinlərinin, “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin, məktəb psixoloqlarının və gənclərin iştirak etdikləri seminarı açan Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Aparatının nümayəndəsi Asif Abbasov bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib və rayondakı dini durum barədə ətraflı məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək bildirib ki, Azərbaycan xalqının əsrlər boyu mövcud olan tolerantlıq və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Sədr müavini qeyd edib ki, Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxlayır. İslam dinin ibadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verdiyini diqqətə çatdıran G.İsmayılov deyib: “Dinimizin əsas məqsədlərindən biri də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, bilikli, elmli və savadlı nümunəvi vətəndaş formalaşdırmaqdır. İslam dini meydana çıxdığı gündən elmə böyük dəyər verib, təhsil almağı ibadət səviyyəsinədək yüksəldib”.
Sədr müavini, həmçinin milli və dini dəyərlərimizin mahiyyətindən bəhs edib, bu dəyərlərin qorunmasının vacibliyinə toxunub. Vurğulayıb ki, yad dini ideologiyaların yayılması cəhdlərinin qarşısının alınması gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin doğru aparılmasından asılıdır.
Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.

Din 2019-12-17 16:15:00