×
A
A
A
Sazlamalar

Ağdaşda keçirilən tədbirdə dini radikalizmlə mübarizədən danışılıb

Bakı, 16 dekabr, AZƏRTAC

Dekabrın 16-da Ağdaşda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova bu istiqamətdə keçirilən tədbirlərin cəmiyyətin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Cəmiyyətimizin, xüsusilə gənclərin dini radikalizm təhlükəsindən qoruması, radikal dini cərəyanların təsiri altına düşməməsi üçün maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin önəmini qeyd edib.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dini radikalizmə qarşı mübarizədə milli-mənəvi və dini dəyərlərin təbliğinin əhəmiyyətindən bəhs edib. Dini radikalizmi doğuran səbəblərdən biri kimi dinlərin mahiyyətinin təhrif olunmasını göstərən sədr müavini diqqətə çatdırıb ki, dini bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Bu səbəbdən dini radikalizmlə mübarizədə, ilk növbədə, dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Dini radikalizmə qarşı mübarizə tədbirləri haqqında məlumat verən Gündüz İsmayılov respublikamızda bu istiqamətdə sistemli maarifləndirmə işinin aparıldığını vurğulayıb.
Dini radikalizmin sosial və ictimai zərərləri, yaranma səbəbləri və təbliğatının qarşısını almaq yollarında da danışan Komitə rəsmisi sonda tədbir iştirakçılarının suallarını cavablandırıb.

Din 2019-12-16 17:42:00