×
A
A
A
Sazlamalar

Ömər Pamuk: “Nəsimi” baletinin Samsunda rəğbətlə qarşılanması Azərbaycan və Türkiyənin birgə uğurudur

Samsun, 15 dekabr, AZƏRTAC

Böyük bəstəkarımız Fikrət Əmirovun “Nəsimi” baletinin Samsunda keçirilən premyerasının tamaşaçılar tərəfindən rəğbətlə qarşılanması Azərbaycan və Türkiyənin birgə uğurudur.
Bu fikri AZƏRTAC-a açıqlamasında Samsun Mədəniyyət və Turizm İdarəsinin müdir müavini Ömər Pamuk deyib. “Nəsimi təkcə Azərbaycanın yox, bütün türk dünyasının ortaq sərvətidir. Türkiyədə poeziyasevərlər böyük şairi tanıyır və şerlərini sevə-sevə oxuyurlar. “Nəsimi” baletinin Samsunda səhnəyə qoyulması ortaq mədəniyyət tariximizdə mühüm hadisədir. Əlamətdar haldır ki, əsərin Türkiyə premyerasının hazırlanmasında Azərbaycanın görkəmli sənətkarları iştirak ediblər. Nəsimi yaradıcılığına xoş münasibət dünya poeziyasını sevmək deməkdir. Samsundakı bu mühüm hadisə münasibəti ilə bütün nəsimisevərləri səmimiyyətlə təbrik edirəm”.
Səhnə yaradıcılığının bütün sahələrinin Azərbaycanda böyük inkişaf yolu keçdiyini vurğulayan Ö.Pamuk bildirib ki, Nəsimi şəxsiyyətinin ucalığını bütün janrlar üzrə sənət əsərləri əsasında təbliğ etmək tarixi şəxsiyyətlərə sahib olmaq ənənəsidir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
Samsun

Mədəniyyət 2019-12-15 21:19:00