×
A
A
A
Sazlamalar

Özbəkistan portalında Hüseyn Cavid haqqında məqalə yerləşdirilib

Daşkənd, 15 dekabr, АZƏRTAC
Özbəkistanın nargis.uz portalında böyük Azərbaycan dramaturqu və şairi Hüseyn Cavid haqqında rus dilində məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, “Hüseyn Cavid: yaradıcılıq yolu və tale ilə mübarizə” sərlövhəli yazıda filosof şairin uşaqlıq və gənclik illəri, ilk təhsili, həyat yolu geniş işıqlandırılıb. Bildirilib ki, Hüseyn Cavid 1899-1905-ci illərdə Təbrizdə, 1905-1909-cu illərdə isə İstanbul Universitetinin Filologiya fakültəsində təhsil alıb. O, Türkiyədə tanınmış şair və yazıçılarla tanış olub, ilk əsərlərini də orada yazıb.
Qeyd olunub ki, 1909-cu ildə Vətənə qayıdan şair Naxçıvanda, Gəncədə, Tiflisdə müəllimlik edib. 1918-ci ildə Bakıya gələn Hüseyn Cavid müxtəlif məktəblərdə dərs deyib. Şairin ilk şeirlər kitabı 1913-cü ildə Tiflisdə çap edilib. 1917-ci ildə Bakıda ikinci şeirlər kitabı işıq üzü görüb. Sonra isə bir-birinin ardınca “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Topal Teymur”, “Peyğəmbər”, “Səyavuş” və digər pyeslərini yazıb.
Məqalədə şairin günahsız yerə sürgün olunması, 1939-cu il iyunun 9-da səkkiz il azadlıqdan məhrum edilməsi, İrkutsk vilayətinin Şevçenko kəndinə sürgünə göndərilməsi haqqında məlumat verilib. Bildirilib ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də vəfat edib və kənd qəbiristanlığında 59 nömrə altında dəfn edilib.
Yazıda qeyd olunub ki, ədibin vəfatından 41 il sonra - Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin nəşi 1982-ci il oktyabrın 26-da Bakıya gətirilib və noyabrın 3-də Naxçıvana aparılaraq dəfn edilib.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2019-12-15 05:40:00