×
A
A
A
Sazlamalar

Məcburi köçkünlər arasında futzal turniri keçiriləcək

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə məcburi köçkün yeniyetmə və gənclər arasında futzal turniri təşkil edəcək. Bu münasibətlə dekabrın 13-də Dövlət Komitəsində turnirdə iştirak edəcək komandaların nümayəndələri ilə görüş keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Komitənin sədri Rövşən Rzayev görüş iştirakçılarını salamlayaraq, qaçqınlar və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yeniyetmələrin və gənclərin sağlam həyat tərzi keçirməsinin, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmasının vacibliyini bildirib. Qeyd edib ki, artıq dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda bu sahəyə dövlət qayğısı yüksək səviyyədədir. Ölkəmizdə qitə və dünya miqyaslı mötəbər idman tədbirlərinin təşkili, atletlərimizin müxtəlif beynəlxalq yarışlarda böyük nailiyyətlər qazanması bunun sübutudur. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, respublikanın demək olar ki, hər yerində Olimpiya İdman kompleksləri, müasir idman qurğuları tikilib istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Bütün bunlar yeniyetmə və gənclərimizin fiziki və mənəvi sağlamlığın rəhni olan idmana marağını və bağlılığını daha da artırır.
Diqqətə çatdırılıb ki, məcburi köçkünlər arasında futzal turnirinin təşkili də ölkəmizdə idmana olan qayğının bariz nümunəsi kimi dəyərləndirilməlidir. Komandalara uğurlar arzulayan komitə sədri bu cür yarışların silsilə xarakteri daşıyacağını, gələcəkdə daha da təkmilləşdiriləcəyini qeyd edib.
Turnir Mehdiabad və Müşfiqabad qəsəbələri, “Qobu park”, Stansiya Sumqayıt, Kürdəxanı, Masazır, Binəqədi, Sumqayıt və Ramanada yerləşən yaşayış komplekslərini təmsil edəcək 9 komanda arasında keçiriləcək. Komandaların hər biri 11 nəfərdən ibarətdir.
Turnirin sonunda mükafatçı komandalara kubok və diplomlar təqdim ediləcək.
Görüşün sonunda turnirin püşkatma mərasimi keçirilib.

Cəmiyyət 2019-12-14 12:12:00