×
A
A
A
Sazlamalar

“Nizami E-Sport Arena”nın açılışı olub

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də “Nizami E-Sport Arena”nın açılışı olub. Açılış mərasimi çərçivəsində Azərbaycan Kibersport Federasiyasının və Azərbaycan Oyun Liqasının (Gaming League Azerbaijan - GLA) təqdimatına həsr olunan mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə GLA-nın rəhbəri Cahangir Tağıyev “Nizami E-Sport Arena”nın parametrlərinə görə Qafqazda birinci yerdə olduğunu bildirib. Qeyd edib ki, arena dünyanın aparıcı ölkələri arasında ön sıralardadır. Burada ən son texnologiyalardan istifadə olunur. Arenada yerli yarışlarla yanaşı, beynəlxalq turnirlərin də təşkili nəzərdə tutulub. E-sportun inkişafı üçün arenada hər cür şərait var.
Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Quliyev idmanın bu növünün iqtisadi səmərəsindən danışıb. “DOTA 2 üzrə son dünya çempionatının ümumi mükafat fondu 34, FIFA oyunu üzrə mundialın mükafat fondu isə 14 milyon dollar təşkil edib. Komandamız hazırda Seulda keçirilən DOTA 2 üzrə dünya çempionatında çıxış edir. Onlar ilk dəfə qatıldıqları yarışın qrup mərhələsində iki qələbə qazanıblar”, - deyə K.Quliyev bildirib.
GLA-nın tərəfdaşı olan “Erangel Production” şirkətinin rəhbəri Zaur Orucov dünyada bu idman növü ilə məşğul olanların sayının ildən-ilə artdığını vurğulayıb. Bildirib ki, Rusiyada 16, Türkiyədə 11, Azərbaycanda isə 1,5 milyon mobil oyun istifadəçisi var. İştirakçıların sayına görə oyunlar arasında üstünlüyü “PUBG Mobile” təşkil edir. Bunu nəzərə alaraq, gələn ilin martında e-sportun bu növü üzrə Azərbaycan kuboku turniri təşkil olunacaq. Final mərhələsi “Baku Crystal Hall”da olacaq yarış üçün 1536 nəfər qeydiyyatdan keçib. Finalda Rusiya və Türkiyənin tanınmış müğənniləri iştirak edəcəklər. 2021-ci ildə “PUBG” oyunu üzrə dünya çempionatını Azərbaycanda keçirmək istəyirik. E-sport 2022-ci ildə Asiya Oyunlarında debüt edəcək. 2024-cü ildə isə onun Paris Yay Olimpiya Oyunlarının proqramına salınacağı gözlənilir.
GLA-nın turnirlərin təşkili şöbəsinin müdiri Adil Mahmudov dekabrın 14-də FIFA oyunu üzrə turnirin start götürəcəyini bildirib. Qeyd edib ki, yarışın qalibləri xüsusi liqalarda mübarizə aparacaqlar. Qaliblər üçün xüsusi formalar da hazırlanacaq”.
Sonda media nümayəndələri yeni arenada yaradılan şəraitlə tanış olublar.

İdman 2019-12-13 19:45:00