×
A
A
A
Sazlamalar

Sabah Bakıda və Abşeron yarımadasında hava dumanlı, çiskinli olacaq

Bakı, 13 dekabr, AZƏRTAC
Ölkə ərazisində dekabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə havanın dumanlı, çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8°, gündüz 9-12° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi norma daxilində - 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7°, gündüz 8-13°, dağlarda 0-5°, gündüz 2-6° isti olacaq.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun 0-5°, gündüz 2-6° isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 8-13° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7°, gündüz 8-13° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7°, gündüz 8-12° isti, dağlarda gecə 0-3°, gündüz 5-8° isti olacağı gözlənilir.

Ekologiya 2019-12-13 13:37:00