×
A
A
A
Sazlamalar

Lənkəranda Peşəkar Biznes Klubunun təqdimatı olub

Lənkəran, 13 dekabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Olimpiya İdman Kompleksində Şəhər Gənclər və İdman İdarəsi, Lənkəran Peşə Liseyi və “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təsis etdiyi Peşəkar Biznes Klubunun təqdimatı keçirilib.
Tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Lənkəran Peşə Liseyinin rəhbərliyi, “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “İVY Group” prezidenti, Rabitəbank və Yelo Bankın Lənkəran filialının əməkdaşları, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin Lənkəran filialının rəhbəri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran üzrə nümayəndəsi və könüllüləri, rayonda müxtəlif biznes fəaliyyəti ilə məşğul olan, eləcə də biznes ideyası olan ictimai-fəal gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mehman Əliyev Peşəkar Biznes Klubunun yaradılmasının əhəmiyyətindən söz açıb. Bildirib ki, müxtəlif qurumların birgə əməkdaşlığı nəticəsində təsis olunan bu qurum biznes fəaliyyəti ilə məşğul olan, eləcə də bu istiqamətdə ideya və təşəbbüsləri olan Lənkəran rayonun, həmçinin regionun aktiv gənclərini bir araya yığmaq, “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq gənclərin sahibkarlıq fəaliyyətini dətəkləməklə regionda sahibkarlıq mühitinin inkişafına təkan vermək məqsədi daşıyır.
Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimli çıxışında son dövlər ölkəmizdə həyata keçirilən dövlət təhsil siyasətinin əsas istiqaməti kimi peşə təhsilində baş verən ən son yeniliklərdən, eləcə də bu gün cəmiyyətədə peşə təhsilə artan maraqdan danışıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşı Sabir Zeynallı, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin Lənkəran filialının rəhbəri Raiq Əliyev təmsil etdikləri qrumların fəaliyyəti haqqında ətraflı məlumat verməklə yanaşı, təsis edilən Peşəkar Biznes Klubu ilə əməkdaşlığa daim hazır olduqlarını bildiriblər.
Çıxışlardan sonra tədbir “İVY Group” prezidenti Tamerlan Vahabovun mövzu ətrafında təqdimatı və gəncləri mövzu ilə bağlı maraqlandıran interraktiv diskusiya şəklində davam edib.

 

Regionlar 2019-12-13 03:29:00