×
A
A
A
Sazlamalar

Məktəblilər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət ediblər

Bakı, 12 dekabr, AZƏRTAC

Ulu Öndərin anım günü ərəfəsində Müdafiə Nazirliyinin dəstəyi ilə Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseyin müəllim və şagirdlərinin bir qrupu və valideynlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) ekskursiya ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şagirdlər ümummilli lider Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad edərək abidəsi önünə tər gül dəstələri qoyublar.
Şagirdlərə AAHM-in yaranma tarixi və fəaliyyəti ilə bağlı məlumat verilib. Qonaqlar məktəbin ərazisi, kursant yataqxanası və trenajor bölməsi ilə tanış olublar.
Elektron atış sinfində sursatdan istifadə etmədən atışların keçirildiyi məktəblilərin diqqətinə çatdırılıb, onlara kompüter atış trenajorunun xüsusiyyətlərindən danışılıb.
Trenajorlar bölməsində uşaqlar silah-sursat, mühəndis, rabitə və digər avadanlıqlarla əyani tanış olublar.
Ekskursiya zamanı kursantların gündəlik iş rejimi və nizam-intizam qaydaları haqqında da ətraflı məlumat verilib.
Məktəbin klubunda Heydər Əliyev Muzeyi ilə tanışlıq xüsusilə böyük maraqla qarşılanıb. Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumatlar və nümayiş etdirilən eksponatlar uşaqların böyük marağına səbəb olub.
Sinif rəhbəri Gülnarə Quliyeva tədbirin təşkilinə dəstək olduqlarına görə Müdafiə Nazirliyinin rəhbərliyinə, Ulu Öndərin adını daşıyan Ali Hərbi Məktəbin komandanlığına və 220 nömrəli məktəb-liseyin direktoruna təşəkkürünü bildirib.
Şagirdlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən unudulmaz təəssüratlarla ayrılıblar.

Ordu 2019-12-12 18:59:00