×
A
A
A
Sazlamalar

Azərbaycan və Rusiya arasında yükdaşımaların həcmi 31 faiz artıb

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan və Rusiya arasında yükdaşımaların həcmi 31 faiz artıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə QSC-nin sədri Cavid Qurbanov “Rusiya Dəmir Yolları” ASC-nin idarə heyətinin yekun iclasındakı çıxışı zamanı deyib.
O bildirib ki, “Rusiya Dəmir Yolları” ASC dəmir yolları şirkətlərinin dünya üçlüyünə daxildir. Şərqlə Qərbi birləşdirən, ən uzun və tamamilə elektrikləşdirilmiş 9200 kilometrlik Trans-Sibir magistralı bunun əyani göstəricisidir.
C.Qurbanov qeyd edib ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu yaxınlarda X Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu mötəbər tədbirdə iştirakı, Rusiya Prezidenti Vladimir Putin tərəfindən ona “Dostluq” ordeninin təqdim edilməsi bunun bariz nümunəsidir. Ölkələrimiz arasında nəqliyyat, o cümlədən dəmir yolu sahəsində geniş əməkdaşlıq əlaqələri mövcuddur. Rusiya və Azərbaycan dəmir yolları beynəlxalq qurumlar çərçivəsində, o cümlədən Dəmir Yolları Əməkdaşlıq Təşkilatında ikitərəfli və çoxtərəfli formatlarda, eləcə də bir neçə tranzit nəqliyyat dəhlizinin genişləndirilməsində birgə fəaliyyət göstərir. Hər iki ölkə dəmiryolçularının Yalama-Samur sərhəd-keçid məntəqəsindəki əlaqələndirilmiş işi nəticəsində yük daşımalarında müsbət dinamika müşahidə olunur. Bu ilin yanvar-oktyabr aylarında yükdaşımaların həcmi 1,4 milyon tona yüksəlib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz çoxdur. “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin dəmir yolları mütəxəssisləri uğurlu əməkdaşlıq edirlər.
C.Qurbanov, həmçinin Trans-Sibir magistralının potensialı ilə BTQ-nin “Şərq-Qərb” formatındakı imkanları arasında sinergiya layihəsi haqqında danışıb, bu layihə ilə bağlı hər iki ölkənin dövlət başçılarından tövsiyələr alındığını bildirib. Onun sözlərinə görə, tərəflərin birgə fəaliyyəti hər iki ölkənin dəmir yollarında tranzit daşımalarının ciddi artımına, nəqliyyat və logistika infranstrukturundan səmərəli istifadəyə səbəb olacaq.

 

Nəqliyyat 2019-12-11 18:40:00