×
A
A
A
Sazlamalar

Müdrik siyasətçi, dərin zəka sahibi

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru İlham Mədətov ümummilli lider Heydər Əliyevin müdrik siyasətindən, tarixi uzaqgörənliyindən, Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsindəki xidmətlərindən danışıb. Ulu Öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında əvəzolunmaz rolundan danışan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
İlham Mədətov ümummilli lider Heydər Əliyevin hər zaman gənclərə qayğı ilə yanaşdığını, onların problemlərini həll etməyə çalışdığını faktlarla əsaslandırıb. O, gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın səmərəli tətbiqini, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsini məhz Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirib.
Rektor ulu öndər Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümü olduğunu bildirib.
Ümummilli lider Heydər Əliyevin xalqı və dövləti üçün gördüyü işlərdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən danışan ATMU-nun “Heydər Əliyev” lektoriyasının rəhbəri, tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı müasir müstəqil Azərbaycanı Ulu Öndərin şah əsəri adlandırıb.
Fikir mübadiləsi şəraitində davam edən tədbirdə Ümummilli Liderə həsr olunan videoçarx göstərilib.

Elm və təhsil 2019-12-11 17:31:00