×
A
A
A
Sazlamalar

Bakı Xoreoqrafiya Akademiyasında İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub

Bakı, 11 dekabr, AZƏRTAC 

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta məktəbində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.
BXA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri tam orta məktəbin müəllimi, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, filologiya üzrə fəlsəfə doktoru Aypara Məmmədova açaraq, dahi şairin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, görkəmli şair İmadəddin Nəsiminin şeir və qəzəllərinə məktəb şagirdləri böyük maraq göstərirlər.
Sonra tam orta məktəbin şagirdləri A.Məmmədovanın quruluş verdiyi ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Şeir, səhnəcik və rəqslərlə müşayiət olunan kompozisiyada şagirdlər şairin əsərlərindən götürülmüş epizodları canlandırıblar. Xalq və bəstəkar mahnıları əsasında nümayiş olunan rəqslərin quruluşçu-xoreoqrafı tam orta məktəbin xüsusi fənlər üzrə direktor müavini Kamilə Əliyevadır.
Tədbirdə “Nəsimi” filmindən parçalar nümayiş etdirilib, tanınmış qiraətçilərin lentə yazılmış qəzəl ifaları səsləndirilib.
Sonda BXA-nın Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev çıxış edərək Nəsimi yaradıcılığının özəl xüsusiyyətlərindən danışıb, məktəbin rəhbərliyinə və müəllim-şagird heyətinə təşəkkürünü bildirib.

Elm və təhsil 2019-12-11 17:27:00