×
A
A
A
Sazlamalar

Ölkəmizdə savadlı kadrların yetişməsi Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir

Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Texniki Universitetində (AzTU) müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev ümummilli lider Heydər Əliyevin müdrik siyasətindən, Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən danışıb.
Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır. Ümummilli lider Heydər Əliyev ölkənin və xalqın taleyində, uğurlar qazanmasında təhsilin rolunu və əhəmiyyətini hər zaman yüksək qiymətləndirib. Azərbaycan təhsilinin hərtərəfli inkişafı da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Rektor qeyd edib ki, bu gün respublikamızda elm və təhsil sahəsində əldə olunan uğurlar, savadlı kadrların yetişməsi məhz Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor İradə Hüseynova ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanda bütün sahələrdə əldə olunan uğurlardan danışıb.
Qeyd edilib ki, Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra xalqımızı düşdüyü bəlalardan xilas edib, iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradıb, elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayıb.
Vurğulanıb ki, Ümummilli Liderin təhsil sahəsində apardığı islahatlarının əsas məqsədi dünya təhsil sisteminin standartlarına uyğun kadr hazırlığına nail olmaq idi. Azərbaycanın bugünkü kadr potensialının təməlində Ulu Öndərin apardığı milli quruculuq işləri dayanır. Ömrünü Azərbaycanın inkişafına, xalqımızın rifahına həsr etmiş ümummilli lider Heydər Əliyevin ideyaları bu gün onun siyasi kursunun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.
Daha sonra AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin tələbəsi Amin Məmmədov ulu öndər Heydər Əliyevin zəngin mənəvi irsindən söz açaraq, gənclərin bu əvəzolunmaz və qiymətli irsdən faydalanmasının vacibliyini vurğulayıb.

Elm və təhsil 2019-12-11 16:40:00