×
A
A
A
Sazlamalar

Abşeron yarımadasında yağıntı rejiminin dəyişmələri ilə bağlı məruzə dinlənilib

Bakı, 11 dekabr, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarında İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Səid Səfərov “Abşeron yarımadasında yağıntı rejiminin müasir dəyişmələri” mövzusunda geniş təqdimatla çıxış edib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt, Bakı, Maştağa və Pirallahı, həmçinin Neft Daşları və Çilov hidrometeoroloji stansiyalarının müşahidə məlumatlarına əsasən yağıntı rejimini tədqiq edən alim son 10-15 il ərzində temperaturun artımasının daha böyük sürətlə getdiyini, Azərbaycanda yağıntıların bəzi yerlərdə azaldığını, bəzi yerlərdə isə artdığını diqqətə çatdırıb. Tədqiqatçı yağıntıların artmasının səbəblərini qlobal istiləşmə nəticəsində hava dövranı xarakterinin dəyişməsi, dəniz səth suları temperaturunun artması ilə əlaqədar buxarlanmanın intensivləşməsi, əhalinin artması, şəhər sahəsinin kəskin genişlənməsi, havanın çirklənməsi ilə izah edib. Bildirilib ki, payız-qış aylarında yağıntıların kəskin artması nəqliyyatda hərəkət intensivliyinin azalmasına, avtomobil yollarının vaxtından əvvəl dağılmasına, ərazilərin, zirzəmilərin su ilə dolmasına, qrunt sularının səviyyəsinin yuxarı qalxmasına və bu kimi bir sıra problemlərin yaranmasına səbəb olur.
Səid Seyidov son dövrlərdə Bakı şəhərinin müxtəlif ərazilərində baş verən torpaq sürüşmələrinin aktivləşməsini bilavasitə payız-qış dövründə atmosfer yağıntılarının ümumi miqdarının və eyni zamanda, intensiv və davamlı yağıntıların kəskin artması ilə izah olunduğunu diqqətə çatdırıb. Alim onu da xüsusi olaraq qeyd edib ki, bununla əlaqədar Bakı şəhərində aparılan tikinti, o cümlədən şəhərsalma işlərində yağıntı rejiminin kəskin dəyişməsi mütləq nəzərə alınmalıdır.

Elm və təhsil 2019-12-11 15:52:00