×
A
A
A
Sazlamalar

BSU-da “Dil siyasəti və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 13-də Bakı Slavyan Universitetinin (BSU) Azərbaycanşünaslıq və slavistika bölməsinin, müasir Azərbaycan dili və türkologiya kafedralarının birgə təşkilatçılığı ilə “Dil siyasəti və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
BSU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq elmi konfrans Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanına uyğun olaraq keçiriləcək. Beynəlxalq elmi konfransın hazırlıq işlərinin əlaqələndirilməsi və yüksək səviyyədə təşkil olunması üçün BSU-da universitetin rektoru, professor Nurlana Əliyevanın sədri olduğu 35 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Konfransın işçi dilləri Azərbaycan, türk, rus və ingilis dilləridir.
Konfransın Təşkilat Komitəsinə 16 xarici ölkədən, o cümlədən Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Belarus və Çex Respublikasından, eləcə də Rusiya Federasiyasının Kalmıkiya Respublikasından, Saxa (Yakutiya) Respublikasından, ölkəmizin ali təhsil müəssisələrindən elmi məqalələr daxil olub.
Konfransın plenar iclasında çıxışlar və təbriklər dinləniləcək.
Plenar iclasdan sonra konfrans öz işini 6 bölmədə -“Ulu öndər Heydər Əliyevin dil siyasəti və multikulturalizm”, “Dil və norma”, “Müstəqillik əldə etmiş dövlətlərin dil siyasəti”, “Dilin saflığına dövlət qayğısı”, “Dilin tarixi və inkişaf perspektivləri”, “Kütləvi informasiya vasitələri və ədəbi dil” bölmələrində davam etdirəcək. Bölmə iclaslarında ümumilikdə 76 məruzənin dinlənilib müzakirə olunması nəzərdə tutulur.
Konfransın sonunda iclas rəhbərlərinin hesabatları dinləniləcək, müvafiq qərarlar qəbul olunacaq, iştirakçılara sertifikatlar təqdim ediləcək.

Elm və təhsil 2019-12-11 12:56:00