×
A
A
A
Sazlamalar

Ekspert: Azərbaycan bir çox məsələlərdə Rusiyanın ardıcıl tərəfdaşıdır

Moskva , 9 dekabr, AZƏRTAC

Azərbaycan bir çox məsələlərdə Rusiyanın ardıcıl tərəfdaşıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Moskvada, “Rusiya-Azərbaycan: 2019-cu ilin yekunları” mövzusunda dəyirmi masada Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiyanın və Qafqazın Öyrənilməsi Mərkəzinin analitik qrupunun rəhbəri Stanislav Pritçin səsləndirib.
O qeyd edib ki, hazırda geosiyasi nöqteyi-nəzərdən çox ciddi regionlaşma prosesi gedir. Belə şəraitdə kiçik ölkələrin, o cümlədən Azərbaycanın yerləşdikləri coğrafi məkandan qlobal səviyyəyə çıxmaq imkanları o qədər də geniş deyil. Belə olan vəziyyətdə Azərbaycan praqmatik münasibət nümayiş etdirərək, diqqətini əməkdaşlıqda onun üçün obyektiv üstünlüklər olan nöqtəvi, ünvanlı istiqamətlər üzərində cəmləşdirib.
Ekspert deyib: “Azərbaycanın energetika sahəsində Avropa İttifaqı ilə əməkdaşlığına dair çox aydın mənzərə yaranır. Özü də Aİ-nin alternativ enerji resurslarında maraqlı olmasına baxmayaraq, bütün enerji layihələrinin əsas sponsoru və təşəbbüskarı məhz Azərbaycandır. Cənub Qaz Dəhlizinə siyasi dəstək var, lakin əgər səhmdarların tərkibinə baxılsa, bunlar SOCAR, Türkiyə şirkətləri, BP-dir. Lakin təşəbbüskar yenə də Azərbaycandır. Burada maraqlı bir məqam var. Bir tərəfdən, Qərb iki istiqaməti – Rusiya və qərb istiqamətlərini, məsələn, “Türk axını”nı və bu yaxınlarda təntənəli şəkildə işə salınan TANAP-ı müqayisə etmək istəyir. Azərbaycan ilə Rusiyanın eyni bazarlar uğrunda mübarizə apardıqlarını göstərmək bədxahlarımızın maraqlarına uyğundur. Mövzu ilə məşğul olan ekspertlərə görə, burada əməkdaşlıq üçün imkanlar göz qabağındadır. Vladimir Putin “Balkan axını” ilə problemlərin olduğunu əbəs yerə göstərməyib. “Türk axını”nın tikintisi yanvarda başa çatacaq və Rusiyanın Türkiyəyə qaz nəql etmək imkanı olacaq. Qazın daha sonra Bolqarıstan ərazisindən nəqli çətinləşib, çünki Sofiya prosesi ləngidir. Müvafiq olaraq, burada əməkdaşlıq üçün imkan yaranır. Özü də Azərbaycanın mövqeyi həmişə bundan ibarət olub ki, biz Avropanın cənub bazarlarına Rusiyanın “Qazprom”una lüzumsuz rəqabət yaratmadan çıxmağa hazırıq, çünki bu, Azərbaycan Respublikasının maraqlarına uyğun deyil”.
Ekspert vurğulayıb ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü olmasa da, iqtisadi əməkdaşlığa yardım göstərən böyük razılaşmalar bazası var. O deyib: “X Rusiya-Azərbaycan Regionlararası Forumu bunu təsdiq etdi. Bu, elə bir forum idi ki, burada biznes bizneslə ümumi dil tapır, dövlətlər isə vasitəçi kimi məkan yaradıblar”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

İqtisadiyyat 2019-12-09 22:49:00