×
A
A
A
Sazlamalar

Moskvada “Rusiya-Azərbaycan: 2019-cu ilin yekunları” mövzusunda dəyirmi masa keçirilib

Moskva, 9 dekabr, AZƏRTAC
Rusiya-Azərbaycan münasibətləri bundan sonra da inkişaf etmək və qarşılıqlı fəaliyyət potensialını artırmaq istiqamətində sabit meyil nümayiş etdirir.
Bu sözləri “Xəzər ekspert klubu”nun rəhbəri Gülnarə Məmmədzadə “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin beynəlxalq multimedia mətbuat mərkəzində keçirilən “Rusiya-Azərbaycan: 2019-cu ilin yekunları” mövzusunda dəyirmi masada söyləyib.
Son iki ildə iki ölkə arasında münasibətlərin kulminasiya nöqtəsinə, siyasi rəhbərlik səviyyəsində səfərlərin sayının rekord həddə çatdığını qeyd edən ekspert deyib: “Bu il əlamətdar səfərləri, o cümlədən Şərq mövzusuna həsr edilmiş “Valday” forumu çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşünü qeyd etmək istərdim. Birinci vitse-prezident Mehriban Əliyevanın bu yaxınlarda Moskvaya səfəri, baş tutan görüş və tədbirlərin səviyyəsi əməkdaşlığımızın xarakterini və prioritetlərini göstərir. İlk növbədə, biz Rusiya ilə Azərbaycan arasında siyasi dialoqun sabitliyini vurğulayırıq. Bizim üçün iqtisadi və humanitar məsələlər bloku vacibdir, bunu X Rusiya-Azərbaycan Regionlararası Forumunun proqramı və gündəliyi təsdiq edir. Rusiya ilə Azərbaycan mühüm geosiyasi alyansların, o cümlədən Türkiyə və İranla alyansların iştirakçılarıdır. Biz çox ciddi transmilli layihələrdən, o cümlədən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsindən danışa bilərik”. Rusiya Prezidenti Vladimir Putinin “Valday” forumunda Avrasiyanın nəqliyyat-energetika karkasının qurulmasına iki ölkənin töhfəsini qeyd etdiyini xatırladan ekspert deyib: “Bu sübut edir ki, Rusiya-Azərbaycan münasibətləri ikitərəfli formatın hüdudlarından kənara çıxıb və beynəlxalq səviyyədə fəal inkişaf edir”.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq Araşdırmalar İnstitutunun Postsovet Məkanı Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski 2000-ci illərin hadisələrindən danışaraq deyib: “Onda biz Vladimir Putinin Azərbaycana birinci rəsmi dövlət səfərini gözləyirdik. Sənədləri hazırlayanda necə həyəcan keçirdiyimizi xatırlayıram. Ölkələrimiz arasında “ağrılı nöqtələr”, fikir ayrılıqları ayrıca qara siyahıda idi. Artıq bu gün görürəm ki, həmin siyahıdan daha əsər-əlamət qalmayıb”. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə keçirilən Regionlararası Forum barədə təəssüratlarını bölüşən ekspert bildirib ki, Cənubi Qafqazda Rusiyanın strateji müttəfiqi əslində Azərbaycandır. O, Türkiyə-Rusiya-Azərbaycan və İran-Rusiya-Azərbaycan kimi əməkdaşlıq formatlarının yaradılmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolunu vurğulayaraq deyib: “Əlbəttə, illər boyu təşəkkül tapan Xəzər beşliyi mexanizmi böyük uğur qazanıb. Biz bilirik ki, Xəzər beşliyinin görüşləri son nəticədə Xəzər dənizinin statusu məsələlərinin razılaşdırılmasına gətirib çıxarıb. Xarici siyasət nöqteyi-nəzərindən, bu gün Azərbaycan təkcə regional lider deyil, həm də qlobal səviyyədə əhəmiyyətli ölkədir”.
İki ölkə arasında iqtisadi əməkdaşlığın əhəmiyyətini qeyd edən politoloq Fərhad İbrahimov diqqəti belə bir məqama yönəldib ki, Azərbaycan MDB ölkələri arasında Rusiyanın əsas ticarət tərəfdaşıdır və bu da regionda Rusiyanın prioritetləri olduğuna dəlalət edir. Politoloq qeyd edib ki, Rusiyanın iri şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

İqtisadiyyat 2019-12-09 22:00:00