×
A
A
A
Sazlamalar

“Azərkitab” – Kitab Təbliğatı Mərkəzində müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da “Azərkitab” - Kitab Təbliğatı Mərkəzində müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mərkəzin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
“Azərkitab” - Kitab Təbliğatı Mərkəzində davam edən tədbir Heydər Əliyevin fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan mərkəzin layihə rəhbəri Sabir Həsənov Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqı qarşısında misilsiz xidmətlərindən söhbət açıb, onun ad günündə fəaliyyətə başlayan “Azərkitab” – Kitab Təbliğatı Mərkəzinin Ümummilli Liderimizin ideyalarına sədaqətlə xidmət etdiyini söyləyib.
Qeyd edib ki, Ulu Öndərin kitaba, təhsilə verdiyi qiymət mərkəzin fəaliyyət proqramı kimi qəbul edilib.
Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübuta yetirib.
Milli Məclisin komitə sədri Arif Rəhimzadə deyib ki, Heydər Əliyevin Azərbaycan üçün etdikləri heç bir kitaba sığmaz. Bütün zamanların ən böyük azərbaycanlısı, görkəmli dövlət xadimi Heydər Əliyevin möhtəşəm fəaliyyəti vətənə, xalqa şərəfli xidmətin heyrətamiz nümunəsi olduğu kimi, onun mükəmməl təlimi, müdrik ideyaları da son dərəcə qiymətlidir. Ulu Öndərin bütöv bir sistem təşkil edən nəzəri irsində və siyasi fəaliyyətində önəmli yer tutan məsələlərdən biri də azərbaycançılıqdır. Dahi rəhbər müxtəlif məruzə, çıxış və nitqlərində bu məsələyə xüsusi diqqət yetirmiş, azərbaycançılığın elmi-nəzəri, siyasi-ideoloji prinsiplərini müəyyənləşdirmiş və əsaslandırmış, eyni zamanda, bütün fəaliyyəti boyunca bu ideologiyanın hərtərəfli şəkildə gerçəkləşdirilməsi üçün ardıcıl, konseptual tədbirlər həyata keçirmişdir.
Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova Ulu Öndərin söylədiyi nitqləri xatırladığını deyib. Xalq yazıçısı Elmira Axundova vurğulayıb ki, Ulu Öndərə həsr etdiyi kitablar gələcək nəsillərin Heydər Əliyevi daha yaxından tanımasına və onu böyük bir siyasi xadim kimi dərk etməsinə vasitəçi olacaq.
Xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, Azərbaycan tarixində belə böyük şəxsiyyət olmayıb. Müstəqilliyimiz dövründə çox rəhbər dəyişikliyi olub. “Tarixdə çox az rast gəlinib ki, rəhbər ikinci dəfə hakimiyyətə gələndə uğurlu siyasət aparsın. Hətta Napoleon belə ikinci hakimiyyəti dövründə uğur qazana bilməyib. Bugünkü müstəqil Azərbaycan əsl mənada Heydər Əliyevin zəkasının məhsuludur və Prezident İlham Əliyev onun siyasi kursunu uğurla davam etdirir”, - deyə Ç.Abdullayev əlavə edib.
Tədbirdə İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin sədri Rasim Məmmədov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, şair Yusif Nəğməkar və başqaları çıxış edərək bildiriblər ki, yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi də.

Mədəniyyət 2019-12-09 20:08:00