×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetində (ATU) Nəsimi Rayon İcra Hakimiyyəti və bu ali təhsil ocağının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin abidəsi önünə güllər qoyublar.
Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə videoçarx nümayiş olunub.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. O, Heydər Əliyevin unudulmaz şəxsiyyət və dərin zəka sahibi olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara, xüsusilə də səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərib.
Rektor G.Gəraybəyli Azərbaycanda səhiyyə sahəsinin inkişafının və peşəkar tibbi kadrların hazırlanmasının məhz Heydə Əliyevin adı ilə bağlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, ATU-nun stomatoloji və onkoloji klinikaları Ümummilli Liderin böyük qayğısı sayəsində yaradılıb.
Qeyd edilib ki, Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin dəstəyi ilə universitetin çoxprofilli terapevtik və cərrahiyyə klinikaları inşa olunub. Bu tibb müəssisələri ən müasir avadanlıqla təchiz edilərək, əhaliyə dünya standartlarına uyğun yüksək tibbi xidmət göstərir.
Sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışıb, müdrik rəhbərin səhiyyə sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.
Bu gün Azərbaycanda iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlərin Ulu Öndərin siyasətinin nəticələri olduğunu bildirən Asif Əsgərov deyib: “Ümummilli lider Heydər Əliyev millətinin gələcəyini düşünərək öz canını fəda etdi. Onun hakimiyyətə qayıdışından sonra xalqımız qarşısında göstərdiyi xidmətlərə nəzər saldıqda görürük ki, Ulu Öndər Azərbaycan rəhbərliyinə qayıtmasaydı, ölkəmiz parçalana, hətta dünya xəritəsindən silinə bilərdi”.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışan icra başçısı vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi.
Ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyalarının yaşadığını və Azərbaycanın işıqlı gələcəyinə xidmət etdiyini vurğulayan A.Əsgərov bildirib ki, Azərbaycan xalqı Ulu Öndərin şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən üçün həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ümummilli Liderin siyasi kursuna sadiq qalan dövlətimizin başçısının yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, region ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verir”, - deyə o əlavə edib.
Tədbir Bakı Musiqi Akademiyasının professoru Yeganə Axundovanın rəhbərliyi ilə bu təhsil ocağının tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib.

Cəmiyyət 2019-12-09 19:01:00