×
A
A
A
Sazlamalar

Hacıqabul Sənaye Məhəlləsində Rusiya şirkətinin İzolyasiya Materiallarının İstehsalı Zavodunun təməli qoyulub VİDEO

Bakı, 9 dekabr, AZƏRTAC 

Dekabrın 9-da Hacıqabul Sənaye Məhəlləsində Rusiyanın “Penopleks SPB” şirkətinin İzolyasiya Materiallarının İstehsalı Zavodunun təməlqoyma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Rusiyanın İqtisadi İnkişaf nazirinin müavini Azər Talıbov, “Penopleks SPB” şirkətinin rəhbərliyi, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumat verilib ki, Hacıqabul Sənaye Məhəlləsində həyata keçiriləcək “Penopolistiroldan istilik izolyasiya piltələrin istehsalı” layihəsi penopolistiroldan istilik izolyasiya piltələrin istehsalını nəzərdə tutur. İllik istehsalat həcmi 100 min kubmetr, investisiya dəyəri isə 6,5 milyon ABŞ dollarıdır. Müəssisənin ərazisi 7 hektar olacaq, iş yerlərinin sayı isə 78 nəfərdir. Layihə üzrə istehsal ediləcək məhsulların əsas satış bazarı Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan və Rusiya olacaq.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib ki, Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Bu siyasət çərçivəsində ölkəmizdə genişmiqyaslı sənayeləşdirmə siyasəti aparılır. Bu baxımdan Azərbaycan üçün həm yeni, həm ənənəvi sənaye sahələrinin inkişafının təmin olunması istiqamətində sistemli işlər həyata keçirilir. Xüsusən də Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına çox ciddi diqqət yetirilir. Bu çərçivədə regionlarda da sənayeləşmənin həyata keçirilməsinə, sənaye sahəsində məşğulluğun təmin olunmasına, insanların rifah halının yüksəldilməsinə böyük diqqət yetirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycanda sənayeləşmə siyasəti çərçivəsində sənaye zonalarının yaradılması istiqamətində mühüm işlər icra edilməkdədir.
N.Səfərov qeyd edib ki, hazırda Azərbaycanda 5 sənaye məhəlləsi yaradılıb. Ümumilikdə bu sənaye zonalarında 83 rezident fəaliyyət göstərir. Burada minlərlə iş yerinin açılması nəzərdə tutulub. Hacıqabul Sənaye Məhəlləsində artıq tikinti işləri yekunlaşıb və 10 rezident qeydiyyata alınıb. Onlardan 2-si artıq fəaliyyətə başlayıb, digərlərində avadanlıqlar qurulub, sınaq rejimində fəaliyyət təmin olunur: “Azərbaycana xaricdən investisiyaların cəlb edilməsi ilə bağlı ölkə başçısının siyasətinə, tapşırıqlarına uyğun olaraq işlər həyata keçirilir. Biz bir çox dost, partnyor ölkələrlə, o cümlədən Rusiya Federasiyasından olan şirkətlərlə də danışıqlar aparırıq. Hacıqabul Sənaye Məhəlləsində tikinti materiallarının istehsalı üzrə zavodun tikintisi üçün Rusiya şirkəti ilə razılığa gəlinib. Bu, həm yerli bazarın tələbatının ödənilməsi üçün, həm də ixracın təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Həmin zavodda 100-dək insan işlə təmin olunacaq. Bu, Azərbaycanla Rusiya arasında əməkdaşlığının çox gözəl göstəricisidir”.
Rusiyanın İqtisadi İnkişaf nazirinin müavini Azər Talıbov isə bildirib ki, bu müəssisənin açılışı iki ölkə arasındakı iqtisadi əlaqələrini düzgün istiqamətdə inkişaf etdiyini göstərir: “Bu gün, həmçinin “QAZel” avtomobillərinin istehsalı zavodunun inşası işləri ilə tanış olduq. Düşünürəm ki, gələn ilin birinci rübünün sonunda həmin zavodda istehsala başlanacaq”.
Məlumat verilib ki, 1998-ci ildə yaradılan və baş ofisi Sankt-Peterburqda yerləşən “Penopleks SPB” MMC-nin əsas fəaliyyət sahəsi polimer əsaslı istilik və su izolyasiyası, eləcə də dekorativ-tətbiqi materialların istehsalıdır. Müəssisə penopolistiroldan hazırlanan istilik izolyasiya piltələr, ekstruziya izolyasiyası və dekorativ-tətbiqi materialları, ümumi təyinatlı polistirol istehsal edilir. İllik istehsal gücü 3 milyon kubmetr olan müəssisənin məhsullarının üstünlükləri onların sıxılmaya qarşı yüksək davamlılığının, sıfır su udma qabiliyyətinin, dəyişməz aşağı istilik keçiricilik əmsalının, piltələrin yüngül çəkisi və rahat həndəsi forması, tam biostabil davamlılığının, ekoloji və materialların uzunömürlü olmasıdır. Şirkətin mövcud zavodları 8-i Rusiyada, biri Qazaxıstan və biri Özbəkistanda fəaliyyət göstərir. Məhsullar əsasən divarların, damların, kürsülərin, fundamentlərin, yaşayış və ticarət binalarının eyvanlarının, heyvandarlıq fermalarının, istixanaların, mühəndis kommunikasiya xətlərinin, soyuducuların, idman tikililərinin, seysmoloji cəhətdən təhlükəli ərazilərdə bina və tikililərin deformasiya tikişlərinin izolyasiyasında istifadə olunur.
Tədbir iştirakçıları Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə, həmçinin “QAZel” avtomobillərinin istehsalı zavodunun tikintisi işləri ilə də tanış olublar. Bildirilib ki, Hacıqabul Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. İyirmi hektar ərazidə yaradılmış sənaye məhəlləsi 10 min kvadratmetr olan 4 istehsal təyinatlı binadan, 937 kvadratmetr olan inzibati və texniki binalardan ibarətdir. Hacıqabul Sənaye Məhəlləsinin inzibati binası toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və idarəedici təşkilatın istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmətlər göstəriləcək. Burada ümumi dəyəri 60 milyon manatdan çox olan layihələr üzrə maşınqayırma, kompozit materialları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, gübrə, plastik qablar, tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri yaradılıb. Bu layihələr çərçivəsində 900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və istehsala hazırlıq işləri aparılır.

Regionlar 2019-12-09 18:48:00

Video