×
A
A
A
Sazlamalar

Azərbaycanlı alimin Çində keçirilən beynəlxalq forumda çıxışı dinlənilib

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və elmi fond işləri üzrə direktor müavini, dosent Məhfuzə Zeynalova Çində İpək Yolu Muzeylərinin Beynəlxalq Alyansının II Forumunda iştirak ediblər.
Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, ayrı-ayrı ölkələrdən muzey nümayəndələrinin qatıldığı tədbirin məqsədi İpək Yolu üzərində olan muzeylərin fəaliyyətini genişləndirmək, birgə əməkdaşlıq şəraitində, müvafiq layihələr əsasında iş birliyi qurmaq olub.
Forumda muzeylər haqqında məlumat verilib, layihələrlə bağlı təkliflər verilib.
İpək Yolu üzərində olan Muzeylərin Beynəlxalq Alyansının vitse-prezidenti, akademik Nailə Vəlixanlı tədbirdə çıxış edərək Milli Azərbaycan Tarixi Muzeyinin digər muzeylərlə əlaqələrindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. N.Vəlixanlı muzeyin kolleksiyası, o cümlədən İpək Yoluna dair eksponatlar haqqında məlumat verib. Bildirilib ki, 100 yaşını qeyd etmək ərəfəsində olan muzey beynəlxalq əlaqələrini daha da genişləndirir və bu istiqamətdə bir sıra ölkələrin, o cümlədən Qazaxıstan, Rusiya, Özbəkistan muzeyləri ilə iş birliyi yaradır.
Tədbirdə muzey rəhbərləri arasında gələcək əməkdaşlıq haqqında danışıqlar aparılıb. Muzeylərarası səyyar sərgilərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması, eksponatların mühafizəsi və digər məsələlər müzakirə olunub.

Elm və təhsil 2019-12-09 18:13:00